Dindar deputat `oğru aləmi`ndən danışdı

Dindar deputat `oğru aləmi`ndən danışdı
  07 Yanvar 2015    Oxunub:3072
“Bu oğrularda olan sistem daha demokratik görünür”.
AzVision.az-ın verdiyi xəbərə görə, bunu millət vəkili Fazil Mustafa bildirib. F.Mustafa qeyd edib ki, cəmiyyəti düşündürən əsas məsələ hansı yolla olur-olsun, qanuni oğru titullu bir azərbaycanlı meydana çıxarmaqdır: “Yığışırlar, məşvərət edirlər, kimin haqlı, kimin haqsız olduğunu dərindən araşdırırlar, sonra da qərar verib bütün ünvanlara göndərirlər ki, kimsə icrası barədə xəbərsiz olduğunu söyləməsin. Azərbaycanlı bir oğrunun da titulunu əlindən alıblar və hətta bir tanıdığım ağlı başında olan adam söylədi ki, bunun məhz İrəvanda alınması ona çox pis təsir edib.

O qədər məyus idi ki, hətta mənə də əhvalı təsir etdi və ani də olsa düşünməli oldum: bundan sonra halımız necə olacaq? Artıq həbsxana aləmində bizi təmsil edəcək qanuni oğru olmadıqda, o zaman kimin əmrləri icra olunacaq? Oğrularda milliyətçilik olmasa da, hər halda xoşagələn hal olmazdı ki, bir erməni və ya gürcü milliyyətindən olan qanuni oğru bizim oğrulara əmr və göstəriş versin.

Belə anlaşılır ki, cəmiyyəti düşündürən əsas məsələ və günün ən böyük vətənpərvərliyi təcili sürətdə hansı yolla olur-olsun, qanuni oğru titullu bir azərbaycanlı meydana çıxarmaqdır. Maraqlı yollardan biri də futbolda və idmanın başqa növlərində olduğu kimi başqa millətdən olan oğrulardan birinin milliləşdirilməsi olardı”.

Deputat başqa sahələrdə də avtoritetlər olmasını təklif edib: “Bu oğruların adətini elm, sənət sahəsinə də köçürmək yaxşı olardı. Təsəvvür edin ki, bir qrup avtoritet alim yığışıb sxodka keçirir və plagiata görə bir neçə şəxsi akademiklikdən, fəlsəfə doktoru adında məhrum edirlər. Bir qrup avtoritet sənət adamı yığışıb kimisə xalq və ya əməkdar artist adından məhrum edirlər. Avtoritet yazarlar kimdənsə xalq şairi, rəssamlar xalq rəssamı adını alırlar.

Bir qrup seçici çalışmayan adamları deputatlıqdan məhrum edirlər, tələbələr rüşvətxor rektoru vəzifəsindən məhrum edirlər. Eninə, dərininə bütün cəmiyyətdə məsələlərin hamısı ilə bağlı vətəndaş cəmiyyəti sxodkaları formasında məşvərət edilir və hər şey qanuniləşməyə başlayır. Hər halda bəzi natamamlıqlarımıza diqqət yetirəndə düşünürsən ki, demokratiyanın təməl prinsiplərinin bəzilərini də oğrulardan öyrənməyə dəyər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti