Məhəmməd Peyğəmbəri ələ salan qəzet – ARAYIŞ, ŞƏKİLLƏR

Məhəmməd Peyğəmbəri ələ salan qəzet – ARAYIŞ, ŞƏKİLLƏR
  08 Yanvar 2015    Oxunub:36124
Dünən Parisdə dərc olunan həftəlik `Charlie Hebdo` (Şarli Ebdo) satirik qəzetinin redaksiyasına avtomat və qumbaraatanlarla silahlanmış şəxslər girərək, 12 nəfəri, o cümlədən, baş redaktor Stefan Şarbonyeni qətlə yetiriblər. Daha 5 nəfər ağır yaralanıb.

Şahidlərin sözlərinə görə, hadisəni törədənlər islami şüarlar qışqırıb və Məhəmməd Peyğəmbərə görə qisas aldıqlarını bildiriblər.

Bəs `Charlie Hebdo` nə qəzetdir, məqsədi nədir və niyə terrorçuların hədəfinə çevirilib?

Satirik həftəlik qəzet olan `Charlie Hebdo` 1969-cu ildə digər yumoristik nəşr `Hara-Kiri`-nin bazasında yaradılıb. Qəzet istənilən aktual mövzuları çox sərt şəkildə intim xarakterli yumorla şərh edirdi. Əvvəlcə `Hara-Kiri Hebdo` adlanan qəzet Şarl de Qoll öləndə onun matəmini ələ saldığı üçün qapadılmışdı. Bundan sonra “Chari Hebdo ” adı ilə yenidən nəşr olunmağa başlayır.

1981-ci ildə nüfuzunu itirərək bağlanan qəzet 1992-ci ildə yenidən nəşrə başlayır. Və bu dəfə uğurlu olur: birinci sayını 100 mindən çox adam almışdı.

Yenilənmiş `Charlie Hebdo`nun redaksiyası anti-dini və radikal sol mövqedən çıxış edir. Qəzet bütün dinləri ələ salır, siyasi liderləri lağa qoyur.

Danimarkanın “Jullandes Posten” qəzetinin Məhəmməd Peyğəmbərlə bağlı verdiyi və böyük qalmaqal qoparan karikaturaları təkrar çap edəndən sonra qəzetin tirajı 1.5 dəfə artmışdı. Bundan sonra da müsəlmanların peyğəmbəri dəfələrlə qəzetin səhifələrində görünüb.

Niyə qəzet belə edir? Çünki “Charlie Hebdo” redaksiyası düşünür ki, din də daxil olmaqla heç bir mövzu toxunulmaz deyil. 2008-ci ildə müsəlmanlar onu məhkəməyə versələr də, qəzet qalib gəlmişdi.

2006-cı ildə qəzet “12-lərin manfesti” adlı bəyanat dərc edərək, islamı “Yeni totalitarizm” adlandırmışdı. “Faşizmə, stalinizmə, nasizmə qalib gələn dünya indi islamizmlə üzləşib. Biz insanları azadlığa, bərabərliyə, dünyəviliyə, dini totalitarizmə müqavimət göstərməyə səsləyirik”,- deyə yazıda vurğulanırdı.

Buna qədər də redaksiya bir neçə dəfə islamçıların hücumlarına məruz qalmışdı. 2011-ci ildə redaksiya üz qabığında Məhəmməd Peyğəmbərin karikaturasını verəndə “Molotov kokteyli” atəşinə tutulmuşdu.

Yanvarın 7-də - yəni faciə baş verən gün -`Charlie Hebdo` yazıçı Mişel Uelbekin “Mütilik” adlı romanını dərc etmişdi. Romanda 2022-ci ilin prezident seçkisində Fransada müsəlmanın prezident seçilməsi və Avropanın islamlaşması təsvir olunur. Eyni nömrədə İŞİD-in rəhbəri Əbu Bəkr Əl-Bağdadinin karikaturası da vardı.

Tariyel Həsənov
AzVision.az


Qalereya




Teqlər:  





Xəbər lenti