“Bəzi cinayətkarlar edam edilməlidir” - Millət vəkili

“Bəzi cinayətkarlar edam edilməlidir” -  Millət vəkili
  08 Yanvar 2015    Oxunub:2392
“Qəddarlıqla ölüm halları törədənlər barəsində edam cazası verilməlidir. Mən bunun tərəfdarıyam. Məişət zəminində kiçik bir insidentə görə gənci öldürmək vəhşilikdən başqa bir şey deyil”.
Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Millət vəkili Səbayl rayonu ərazisində 26 yaşlı gənc Həsən Həsənovun dəhşətli formada başı kəsilərək qətlə yetirilməsinə münasibət bildirib. Qeyd edib ki, xüsusi qəddarlıqla cinayətlər törədən şəxslər barəsində edam cəzasının yenidən tətbiq edilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldıracaq:

“Qəddarlığa görə ölüm cəzasının tətbiq edilməsi ilə bağlı bir neçə dəfə məsələ qaldırmışam. Amma Avropa Şurası qarşısında öhdəliyimiz olduğuna görə, Azərbaycanda bu hökm artıq ləğv olunub. Ona görə də öldürən adamlar düşünürlər ki, həyat riski çox ağırdır, həmin cinayəti törətdikdən sonra sonra sağ qalacaqlar. Düşünürlər ki, törədikləri cinayətin ən son həddi budur ”.

Daha sonra millət vəkili qeyd edib ki, dəhşətli cinayətlər törədənlər barəsində tətbiq olunan cəzanı daha da ağırlaşdırmaq heç də problemdən çıxış yolu deyil:

“Ailə və ayrı-ayrı kriminal vəziyyətin araşdırılması ilə məşğul olan qurumların fəaliyyətində ciddi dəyişiklərin edilməsinə ehtiyac var. Narkomanlar, müəyyən kriminal ünsürlər artıq nəzarətdən çıxıblar. Ailə problemləri ilə məğul olan qurumların bu məsələlərə müdaxilə etməsi fiziki cəhətdən mümkün deyil. Ümumiyyətlə cəmiyyətdəki sosial insititutlar çox zəifləyiblər. Xüsusi ilə bu işlə məşğul olan QHT-lərin fəaliyyətinin zəiflədiyini müşahidə edirik”.
Millət vəkili son zamanlar ölkə ərazisində ağır cinayətlərin artması hallarının səbəblərini də izah edib:

“Belə hadisələrin artmasına sosial şərtlər çox ciddi təsir edir. Belə ki, işsizlik halları insanların həyatında həddən artıq problemlər yaradır. Belə halların artmasının digər səbəbi isə pensiyaların məbləğinin aşağı olması və insanların dolanışıqlarının çətinləşməsidir. Bu hallar ümumilikdə belə bir kriminogen vəziyyətin yaranmasına səbəb olur”.

Fazil Mustafa qeyd edib ki, ölkə ərazisində ağır cinayətlərə cəza kəsilməsi zamanı ədalətsizliyə yol verilir:

“Bizdə cinayət cəzasının müəyyənləşməsi ədalətsiz meyyarlar üzərində həyata keçirilir. Yüngül cinayətlərə ağır şərtlər qoyulur. Amma elə ağır və təhlükə yaradacaq cinayətlərə isə fərqli yanaşma tətbiq olunur. Bu məsələlər məhkəmə və hüquq mühafizə orqanlarının, ailə problemləri ilə məğul olan qurumların fəaliyyəti ilə əlaqədardır. Yerli icra oraqanlarının fəaliyyəti də burada mühüm rol oynayır. Həmin orqanlar eyni vaxtda lazımı proseduraları yerinə yetirdikdə belə hallar da aratacaq və bunun qarşısını almaq da mümkün olmayacaq”.

Qeyd edək ki, srağagün Bakının Səbail rayonu ərazisində 26 yaşlı gəncin başının kəsilməsi fonunda ölkəmizdə dəhşətli cinayətlərin sayı xeyli artıb.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti