“Pul verməsəniz, su da olmayacaq...” – Qubanın deputatı

“Pul verməsəniz, su da olmayacaq...” – Qubanın deputatı
  08 Yanvar 2015    Oxunub:2543
“Suyun sahibi var. Kolxoz, savxoz dövrü deyil ki, pulunu ver, suyunu al, pulunu vermirsən, su almırsan”.
Bunu AzVision.az-a Qubadan seçilən millət vəkili Yevda Abramov Qubanın Mirzəqışlaq kəndinin sakinlərinin etirazına münasibət bildirərkən deyib.

Deputat kənddə karyerin işlədiyini və daş karxanalarına görə bəzən xətlərdə gərginlik yarandığını etiraf edib. Onun sözlərinə görə bu da tez-tez işığın fasilələrlə verilməsinə səbəb olur:

“Amma kənddə heç bir problem yoxdur. Maraqlanmışam. Sadəcə insanlar guya hansısa məsələni operativ həll etmək üçün əlahiddə bir şey etmək istəyirlər, yola çıxırlar. Bunlar məsələnin həlli deyil. Məsələnin həlli dövlətin daxili, xarici siyasətini bilməkdən gedir. Bu gün elə kəndlər var ki, qazlaşdırılmayıb. Biz demirik ki, respublikanın bütün kəndlərinə qaz verilib. Qazlaşmayan kəndlər də var. Bunlar növbəliliklə həll olunur. Hazıda kəndlərin 65 %-i qazlaşdırılıb. 2018-ci ilə kimi isə bütün rayonlara qaz çəkiləcək. Daha kənd sakinləri bilmir ki, Bakı şəhərinin kəndlərində qaz yoxdur. Onlara deyəndə inanmırlar, deyirlər ki, ola blməz. Amma biz işin içindəyik. Bir sözlə, həmin kənddə əlahiddə heç nə olmayıb. Sadəcə bir balaca nəsə olanda bəzi media orqanları problemi şişirdirlər”.

Mirzəqışlaq kəndində yerli əhali ilə yanaşı köç edənlərin olduğunu da deyən millət vəkilinin sözlərinə görə, bu il ümumiyyətlə quraqlıq olub. Odur ki, kənd sakinlərinin su tələb etməyi düz deyil:

“Qudyalçayı heç vaxt sussuz görməmişəm. Amma bu il Qudyalçayda su çox az oldu. Bunu bilə-bilə küçəyə çıxmağın nə mənası var? Küçəyə çıxanda su gəlir? Suyun sahibi var. Kolxoz, savxoz dövrü deyil ki ? Puluvu ver, suyuvu al, pulunu vermirsən, su da almırsan. Havalar soyudu. İndi qazın təzyiqi azalacaq. Bununla bağlı dəfələrlə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevlə danışmışam. Qubada, Qusarda qaz problemi olmur. Sadəcə olaraq qış vaxtında çox yerdə qazın təzyiqi azalır. Sovet dövründən qazlaşdırılan kəndlərin yenidən qazlaşdırılması məsələsi qalıb. Bu da növbəli sistemlə həyata keçirilir”.

Qeyd edək ki, dünən Qubanın Mirzəqışlaq kəndinin sakinləri kənddə şəraitsizlikdən, yolun bərbad vəziyyətdə olmasından, qazsızlıqdan, işığın olmaması səbəbindən aksiya keçirməyə cəhd ediblər.

Gültəkin ƏLƏSGƏR


Teqlər:



Xəbər lenti