Azərbaycanlı dayverlər Misiri fəth etdi - FOTOLAR

Azərbaycanlı dayverlər Misiri fəth etdi - FOTOLAR
  08 Yanvar 2015    Oxunub:2588
Azərbaycan Alpinizm Federasiyasının dayvinq mərkəzi Dolphin Baku klubu ikinci dəfə Misirin Şarm- Əl Şeyx şəhərinə səfərini edib.
Bu barədə AzVision.az-a `Dolphin Baku NDL` dayvinq mərkəzinin təlimatçısı Rauf Zeynalov məlumat verib.

Təlimatçı bildirib ki, səfərdə məqsəd Qırmızı dənizdə kursları daha da geniş keçmək, dayverlərin praktikasını artırmaq olub.

“Dayverimiz Emin Məmmədov daha da irəlilədi, universal dayver kursunu keçdi. Həm kompasda sualtı səmti müəyyən etmə, həm dərinlik, həm də gecə dalmalarını etdi.

Adi dayver 18 metr dərinliyə qədər enə bilir, universal dayver isə 3 kateqoriyada kart alır. O həm suyun altında səmti etməyi , həm gecə üzməyi bacarır. Eyni zamanda dərinlik dayveri alır ki, 40 m- ə qədər dərinliyə düşməyə hüququ olur. Digər dayverimiz Rəhim İsmayılov isə artıq dayver idi, sadəcə təcrübəsini artırırdı.

Komandaya dostumuz, təlimatçı Andrey Krusçev rəhbərlik etdi. O qrupu necə lazımdı apardı, kursları keçdi. Nəticələrimiz isə odur ki, Sergey Telegin, Alisiya Serqunkova , Emin Məmməddov, 3 nəfər yeni sertifikat aldı” .

Təlimatçı dayverlərin səfər zamanı maksimal dərinliyə düşməsinin “Ross Mohammad” adlanan milli parkda “Thistlegorm" adlı gəmiyə baxış zamanı olduğunu deyib.

“ İngilis gəmisidir,1942-ci ildə alman təyyarəsi tərəfindən vurularaq Qırmızı dənizin sularına qərq olub. İndiyə qədər öz gözəlliyini saxlayıb, içində olan maşınlar, silahlar olduğu kimi qalıb. Məsələ burasındadır ki, gəmi bir az əyri batıb, suyun dibində əyri qalıb. Ən dayaz hissəsi 17 metr, ən dərin hissəsi isə 30-32 metrdədir. Dayverlərimiz dayaz yerlərindən başlayaraq aşağıya qədər gediblər.
Prosesin çətinliyi onda olub ki, orada çox güclü axın olub. “Şamandura” deyilən ip vasitəsi ilə batan gəmiyə doğru eniblər. Daha çox çətinlik o zaman olur. Çünki çox hərəkət edirsən, balondakı hava tez qurtarır. Bütün bunlar da fiziki güc və hazırlıq tələb edir ki, balondakı havanı qurtarmayasan.

Həmçinin dayverlərimiz Nitroks dayveri də keçiblər. Bir sözlə, bütün əhatə dairəsi üzrə təcrübələrini artırdılar. Istədiyimizdən daha çox aldıq”.

R. Zeynalov növbəti səfər planlarında Sudan, Tailand , Malayziya və Filippin adalarının olduğunu bildirib.

“Vaxt baxımından fevral, mart, aprel , may aylarına planlaşdırırıq. Dayverlərin hazırlıqlarından asılıdır. Dalğıclardan başqa turistlər də bizimlə gedə bilər. Hər yerdə dalmanın xüsusi gözəlliyi var”.

Thistlegorm (Sharm El Sheikh) from Emin Mammadov on Vimeo.



Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti