Bakıda dəhşətli cinayət

Bakıda dəhşətli cinayət
  16 Fevral 2013    Oxunub:2828
Qohumu azyaşlı uşağı oğurlayaraq öldürüb
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Abşeronda törədilim dəhşətli cinayət barədə birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, 15 fevral 2013-cü il tarixdə saat 12:40 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmuradov Pirmurad İlqar oğlunun yaşadığı evdən məktəbə gedərkən naməlum şəxs tərəfindən oğurlanması barədə daxil olmuş məlumat əsasında dərhal Abşeron rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, Ceyranbatan qəsəbə sakini Zülfüqarov Mansur Balağa oğlu tamah məqsədi ilə qohumu P.Pirmuradovu məktəbə gedərkən şəhərə gəzməyə aparmaq adı ilə taksiyə mindirərək paytaxtın Xətai rayonu ərazisinə aparıb və həmin gün saat 18:16 dəqiqədə atası İlqar Pirmuradova zəng edərək oğlunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə azad olunması müqabilində ondan 30.0 min manat pul tələb edib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Prokurorluq və Daxili İşlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Zülfüqarov tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, M.Zülfüqarov ifşa olunmasından ehtiyat edərək P.Pirmuradovu Bakı Metropoliteninin “20 yanvar” stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb orada aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı - Sumqayıt magistral şossesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.

P.Pirmuradovun meyiti aşkar edilərək meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə digər zəruri istintaq hərəkətləri aparılıb. M.Zülfüqarov Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 144.3-cü 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Hazırda cinayətin M.Zülfüqarov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsustların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti