Prezidentin xarici siyasəti: 16 ölkəyə səfər, 18 prezidentlə görüş...

  10 Yanvar 2015    Oxunub : 1337
Prezidentin xarici siyasəti: 16 ölkəyə səfər, 18 prezidentlə görüş...
Rəsmi "Azərbaycan" qəzeti prezident İlham Əliyevin 2014-cü ildə xarici ölkələrə etdiyi səfərlərlə bağlı statistik məlumat dərc edib.

Məqalədə prezidentin ötən il ümumilikdə 16 ölkəyə (Belçika, İsveçrə, Rusiya, Niderland, İran, Çex Respublikası, Gürcüstan, Vyetnam, Çin, Türkiyə, Fransa, Yunanıstan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Belarus, Tacikistan, Macarıstan) səfər etdiyini yazıb. Bu səfərlər zamanı 18 ölkənin (Türkiyə, İsveçrə, İsrail, Rusiya, İran, Qətər, Çex Respublikası, Gürcüstan, Polşa, Moldova, Vyetnam, Çin, Fransa, Yunanıstan, Qazaxıstan, Türkmənistan, İtaliya, Tacikistan) dövlət başçısı, 9 ölkənin (İsrail, Niderland, Litva, Vyetnam, Yunanıstan, İtaliya, Gürcüstan, Tacikistan, Macarıstan) Baş naziri ilə görüş olub.

İlk olaraq Azərbaycan Prezidenti Davosda İsrail Prezidenti Şimon Peres, İsveçrə Prezidenti Didye Burkhalter, İran Prezidenti Həsən Ruhani, İsrailin Baş naziri Benyamin Netanyahu, Niderlandın Baş naziri Mark Rutte, Fransanın xarici işlər naziri Loran Fabius, “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana, “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni, “Swiss Re” şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Philips” şirkətinin vitse-prezidenti Ronald de Jong, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü Ann Livermor, “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale, “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşlər keçirib.

Fevral ayında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının rəsmi açılışında zamanı Litvanın Baş naziri Alqirdas Butkeviçius, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.

Mart ayında Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində İlham Əliyev Türkiyə Prezidenti Abdullah Güllə də görüşüb. Niderlanda səfəri çərçivəsində Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano, Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə də görüşüb.

Aprel ayında Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib, Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Aprel ayında Çex Respublikasına da səfər edən Prezident İlham Əliyev Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 2009-cu ildə keçirilmiş Sammitinin beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Praqada Çexiya Prezidenti Miloş Zeman, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, Moldova Prezidenti Nikolae Timofti, Çexiya Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə də görüş keçirilib.

Prezident İlham Əliyev may ayında Vyetnam Sosialist Respublikasına dövlət səfəri, Çin Xalq Respublikasına isə işgüzar səfər edib. Vyetnam səfəri zamanı keçirilən görüşlər, Vyetnam Prezidenti Truonq Tan Sanq, Baş nazir Nquyen Tan Danq, Vyetnam Milli Assambleyasının sədri Nquyen Sinh Hanq, Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ilə aparılan danışıqlar ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

Ötən ilin iyun ayında Prezident İlham Əliyev Türkiyəyə və Fransaya işgüzar, Yunanıstana isə dövlət səfəri edib.

Prezident İlham Əliyev avqust ayında Rusiyaya, sentyabr ayında isə Uelsdə NATO-nun sammitində iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərlər edib.

Rusiyaya səfər zamanı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüş keçirilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər zamanı isə Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Ollandla görüşüb. Uelsdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti S.Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub.

Oktyabr ayında Prezident İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Tacikistan Prezidenti Emoməli Rəhmon, Tacikistanın Baş naziri Koxir Rasulzoda, Tacikistan Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurov ilə görüşlər baş tutub.

Prezident İlham Əliyevin 2014-cü ildə xarici səfərlərindən birini noyabr ayında Macarıstana edib. İşgüzar xarakterli bu səfərdə Azərbaycan Prezidenti Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb və iki ölkə arasında “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb.

Teqlər: