`Əli Həsənov söz verdi ki, girovlar qaytarılacaq...`

`Əli Həsənov söz verdi ki, girovlar qaytarılacaq...`
  12 Yanvar 2015    Oxunub:2617
“Baş nazirin müavini Əli Həsənov bizə söz verdi ki, narahat olmayın, girovlar geri qaytarılacaq”.

Bunu AzVision.az-a Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. O, bildirib ki, bir neçə gün öncə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüblər:

“Görüş zamanı Əli Həsənov bizə dedi ki, girovların geri qaytarılması ilə bağlı görülən bütün işlər davam etdirilir. O, bizə girovların geri qaytarılacağını söz verdi”.

S.Musayev həmçinin qeyd edib ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Dilqəm Əsgərova məktub göndərəcəklər:

“Məktubda onun vəziyyətini və səhhətini soruşmuşuq. Həmçinin qeyd etmişik ki, özünü qorusun. Tezliklə ölkəmizə geri qaytarılacaqlar”.

Qeyd edək ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti