5 bank bağlanır: pullarımız batacaq?

5 bank bağlanır: pullarımız batacaq?
  13 Yanvar 2015    Oxunub:12542
“Azərbaycanda 5 bankın bağlanacağı ilə bağlı ötən ilin sonlarında məlumat yayılsa da, 2015-ci il başlayandan Mərkəzi Bank hansı bankların bağlanacağı ilə bağlı açıqlama vermədi”.

Bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın bu yanaşması doğru deyil:

“Mərkəzi Bank rəsmi olaraq 5 bankın bağlanacağını bildirir və həmin bankların adları ictimaiyyətə açıqlanmır. Eyni zamanda müddət başa çatdıqdan sonra vətəndaşların məlumatlandırılmasına ehtiyac var ki, vətəndaşlar bankların taleyi ilə bağlı narahat olmasınlar. Təəssüf ki, bunlar olmadı. Bu müddət başa çatdığı üçün vətəndaşların məlumatlandırılmasına ehtiyac var”.

V.Bayramov bildirib ki, əmanətlərin qaytarılmasında ciddi problem olmayacaq. Ekspert qeyd edib ki, sözügedən 5 bankın ümumi bank kapitalı 1 faizdən çox deyil və həmin banklarda olan əmanətlərin qaytarılması Mərkəzi Bankın müəyyənləşdirdiyi digər banklar vasitəsilə həyata keçiriləcək:

“Həmin banklarda əmanəti olan vətəndaşlar Mərkəzi Bankın müəyyənləşdirdiyi banklara müraciət edərək depozitlərini almaq imkanına malikdirlər. Həmin bankların depozitlərinin strukturu ilə bağlı məlumat yayılmır. Güman olunur ki, həmin banklarda da böyük məbləğdə vəsaitlər var. Həmçinin həmin banklarda yalnız sığortalanan deyil, eyni zamanda sığortalanmayan əmanətlər var. Sığortalanmayan əmanətlərin taleyi birbaşa həmin bankların aktiv və passivlərindən asılı olacaq. Həmin bankların aktivləri passivlərindən çoxdursa, o zaman sığortalanmayan əmanətlərin qaytarılmasında problem olmayacaq. Bankların borcları aktivlərindən çoxdursa, o zaman əmanətlərin qaytarılması ilə bağlı problemlərin olacağı istisna edilmir. Ona görə də Mərkəzi Bankın vətəndaşları məlumatlandırması və vətəndaşlarda banklara olan inamın azalmamasına nail olması olduqca vacibdir. Banklarda əmanətləri olan vətəndaşlar arasında narazılığın olmasına baxmayaraq, hələ ki, Mərkəzi Bank susmağa üstünlük verir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti