SOS: Ölkədə süni qiymət artımı gözlənilir

SOS: Ölkədə süni qiymət artımı gözlənilir
  14 Yanvar 2015    Oxunub:3656
Azərbaycanda benzinin və dizelin qiymətinin bahalaşması yaxın günlərdə bazarda süni qiymət artımına səbəb ola bilər. Xüsusən də istehsal sahəsində bəzi işbazlar artıq süni şəkildə qiymətləri qaldırıblar.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, əsas narahatlıq istehlak bazarındakı psixoloji təsirlər bağlıdır.

Qiymət artımı ilə bağlı AzVision.az-a açıqlama verən ekspertin fikrincə, benzinin qiymətinin 2 qəpik bahalaşması nəqliyyat xərclərini də artırıb:

“Nəqliyyat xərclərində artımlar var. Dizelin qiyməti 2 qəpik bahalaşması artıq aqrar sahədə də özünü göstərir. Belə ki, aqrar sahədə istahsal olunan məhsullarda artım var. Daşınmalarda xərclərin artması var ki, bu qiymətdə özünü göstərir. Sözsüz ki, bu digər məhsulların kəskin qiymət artımına gətirib çıxara bilməz”.

Ekspertin sözlərinə görə, istehlak bazarında bəzi insanlar süni şəkildə qiymət artımına əl atır.

“Bu gün ərzində taksilərin gediş haqqını artırmaları müşahidə olunur. Bəzi ərzaq və aqrar sahədə istehsal olunan məhsullarda cüzi də olsa artımlar var. Bütün bunlar göstərir ki, istehlak bazarında benzinin qiymətinin artmasında süni şəkildə istifadə edələr var. Bu baxımdan hazırda dövlət qurumlarının vəzifəsi süni qiymət artımları ilə bağlı mübarizəni gücləndirməkdir. Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır ki, benzinin qiymətinin artması digər ərzaq məhsullarının qiymətinin artmasına gətirib çıxartmasın və bazarda süni qiymət artımı müşahidə olunmasın”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti