Ekspert: 2015 bizim üçün ağır olacaq
“Diqqəti çəkən məqam odur ki, 2015-ci ilin büdcə zərfindəki göstərici ilə müqayisədə təxminən 500 milyon manata qədər ixtisar olunub. Layihə olduğu kimi təsdiq olunsa, suveren fondumuzun gəliri 10,25 milyard manat, xərci isə 11,8 milyard manat olacaq. Fondun idarə edilməsinə isə 33,32 milyon manat xərclənəcək”.
Ekspert hesab edir ki, ötən il, xüsusən də ilin ikinci yarısı Fond üçün heç də uğurlu olmayıb. Təkcə 3-cü rübdə Fondun aktivləri 317,1 milyon dollar azalıb. Sonuncu rübdə həm neftin ucuzlaşmaqda davam etməsi, həm də dolların əsas valyutalara münasibətdə bahalaşması aktivləri daha da azaldacaq. Valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərərin də artımı labüddür. Xatırlayırsınızsa, yola saldığımız ilin 9 ayında valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər 966,4 milyon manata bərabər idi. İlin sonuna aktivlərə daxil edilən valyutaların ucuzlaşması daha da dərinləşdirib. 2014-cü ilin sonuna dollara münasibətdə avro təxminən 12,1%, funt sterlinq 6%, Avstraliya dolları 8%, Türkiyə lirəsi 8,7%, rus rublu 83%, Cənubi Koreya vonu isə 3,3% dəyərsizləşib.
Bu valyutaların dollara ucuzlaşması paralel olaraq manata münasibətdə də baş verib. Çünki manatın dollara nəzərən məzənnəsi sabit qalıb, digər valyutalarla məzənnəsi ilə çarpaz müəyyən olunur.
İqtisadçının sözlərinə görə, bu ucuzlaşmadan sonra Neft Fondunun 2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərəri böyük ehtimalla 1,5 milyard manatdan çox olacaq. Qızılın dünya qiymətləri ötən il sabit qaldığından Fondun bu aktivdən saxlanma xərcləri istisna olmaqla zərəri olmayıb.
S. Əliyevin dediyinə görə, proseslər göstərir ki, 2015-ci il daha ağır olacaq.
“Neft indiki səviyyədə qalarsa bu halda hökumət ehtiyatda olan aktivlərə müraciət etməli olacaq. Bu isə ehtiyatların azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzaşması digər tərəfdən zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimumua endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5% ucuzlaşıb. Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-a, ilin sonuna isə dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25%-ə endirilməsi düzgün olardı. Rusiyadakı aktivlərdən imtina barədə düşünmək yaxşı olardı”.