İlham Əliyev: “Ermənistanı yerində oturtduq”

İlham Əliyev: “Ermənistanı yerində oturtduq”
  15 Yanvar 2015    Oxunub:2171
"Türkiyə Azərbaycanı "G-20"yə dəvət etdi. Bu bizim üçün şərəfdir. Bu dəvətə görə və qonaqpərvərliyə görə cənab Ərdoğana minnətdaram”.

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə və Azərbayacan prezidentlərin birgə mətbuat konfransı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, toplantıda isə müzakirələr aparılıb və qərarlar verilib:

“Biz Türkiyədən xeyli silah-sursat alırıq. Müdafiə sahəsində danışıqlarımız oldu. Türkiyə nə qədər güclü olarsa, bizim də gücümüz o qədər çox olacaq. Ötən il Türkiyə-Azərbaycan birgə təlimlər keçirib və bundan sonra mütəmadi qaydada belə təlimlər olacaq. Görüşlərdə Qarabağ məsələsi də müzakirə edilib. Türkiyə bu məsələdə ədaləti, haqqı, qardaşlarını dəstəkləyir", - deyə İlham Əliyev bildirib.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: "Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur”.

İ. Əliyev vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirdi, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu:

“Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmir. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.

Dövlət başçısı sonda bildirib ki, Azərbaycan öz suverenliyini bərpa edəcək. İlham Əliyevin fikrincə, buna nail olmaq üçün daha da güclü olmalıyıq.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti