“Milli Məclis Xocalı soyqırımını rəsmən tanıyır”

“Milli Məclis Xocalı soyqırımını rəsmən tanıyır”
  16 Yanvar 2015    Oxunub:9085
Hər il Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrinin parlamentində müzakirələr aparılır. Hətta bəzi ölkələr Xocalı faciəsini soyqırım olaraq tanıyıb. Amma ölkəmizdə bəzən belə fikirlər səslənir ki, Xocalı soyqırımı Azərbaycan parlamentində soyqırım kimi tanınmır.

Millət vəkili Zahid Oruc bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycan parlamenti tərəfindən Xocalı soyqırımı tanınır. Millət vəkilinin sözlərinə görə, bu məsələ normal şəkildə cəmiyyətə təqdim oluna bilməyib.

“Hələ də elə düşünən insanlar var ki, parlament Xocalı faciəsini soyqırım kimi tanımayıb. Bu isə bizim günahımızdır. 1994-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı parlamentdə ayrıca bir müzakirə aparılıb. Müzakirənin sonunda akt qəbul olunub. Bununla da 26 fevral Xocalı soyqırımı günü kimi tanınıb və beynəlxalq təşkilatlara müvafiq müraciətlərin göndərilməsi həmin sənədin yekunu olaraq qəbul olunub. O cümlədən 1998-ci ildə dünya azərbaycanlılarının soyqırım cinayətləri ilə bağlı ulu öndərin fərmanı olub. Fərman özünün hüquqi qüvvəsinə görə, məlum dövlət aktıdır və işlək qüvvəyə sahibdir. Eyni zamanda 2001-ci ildə həmin hadisələri soyqırım kimi ifadə edən sənəd bizim parlamentdən keçdi və dünya parlamentinə göndərildi”.

Millət vəkili bildirib ki, Xocalı soyqırımı ilə bağlı qanun qəbul edilməyib, bu isə başqa məsələdir:

“Həmin qanunda ola bilər ki, 26 fevral günü ictimai iaşə obyektləri açıq olsun, ya qapalı. Həmin gün televiziya ekranlarında şou olsun-olmasınmı, xeyir iş keçirilə bilərmi-bilməzmi, orta və ali məktəblər işləsin ya işləməsin, Xocalı soyqırımını tanımayana cəza olsun ya olmasın. Bu məsələlərin tənzimlənməsi lazımdır. Bu məsələdə hüquqi sənədə ehtiyac var. Buna məhkəmə səviyyəsində qiymət verilməlidir və bundan sonra qanun səviyyəsində qəbul edilməlidir. Burada həm daxili, həm də beynəlxalq məhkəmələrdən söhbət gedir. Bu gələcəkdə mümkün olacaqmı, bunu təxmin etmək çox çətindir”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti