Əliyev və Ərdoğanın Sarkisyana “soyqırım” zərbəsi

Əliyev və Ərdoğanın Sarkisyana “soyqırım” zərbəsi
  16 Yanvar 2015    Oxunub:5130
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni həmkarı Serj Sarkisyanı `soyqırım` günündə Çanaqqala Zəfərini bayram etmək üçün ölkəsinə dəvət edib. Çanaqqala döyüşünün 100-cü il dönümünü qeyd etməyə hazırlaşan rəsmi Ankaranın bu addımı birmənalı qarşılanmayıb. Dəvətlə bağlı müxtəlif fikirlər səsləndirilir.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanın Çanaqqala Zəfərininin 100 illinə Sarkisyanı dəvət etməsi təsadüf deyil.

Ekspert AzVision.az-a açıqlamasında bu addımın arxasında siyasi çalarların dayandığı deyib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Serj Sarkisyanı Çanaqqala savaşının 100-cü il dönümünün anım mərasiminə dəvət etməsi çox doğru addımdır, diplomatik gedişdir”.
E.Şahinoğlu vurğulayıb ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan da Türkiyədə olanda Ermənistan prezidentinin məktubunu Ərdoğana təqdim edib, onu “soyqırım” tədbirlərinə dəvət etmişdi:

“Aydın məsələ idi ki, bu, təxribatdır və Türkiyə prezidenti heç bir halda bu tədbirə getməz. Apreldə ermənilər “soyqırım”ın 100 illiyini qeyd edəcək və bu istiqamətdə konfanslar, seminarlar keçirəcək, Türkiyə əleyhinə qanunların qəbul olunmasına çalışacaqlar. Ərdoğan da cavab olaraq məhz həmin tarixdə Çanaqqala savaşının 100 illiyini keçirir və bir çox dövlət başçısını bu tədbirə dəvət edib. O cümlədən ABŞ prezidenti və Ermənistan prezidenti də bu siyahıdadır. Aydın məsələdir ki, Sarkisyan da bu tədbirə gəlməyəcək”.

Politoloq hesab edir ki, Türkiyə prezidentinin bu addımı erməni lobbisinin qondarma “soyqırım”ın il dönümü ilə bağlı çalışmalarını neytrallaşdırmaq məqsədi daşıyır:

“Çanaqqala savaşının il dönümünün yüksək səviyyədə qeyd edilməsi və Azərbaycan prezidentinin də bu tədbirə dəvət edilməsi onu göstərir ki, rəsmi Ankara erməni lobbisinin çalışmalarını neytrallaşdırmağa çalışır və buna müəyyən qədər nail olacaq. Belə ki, Azərbaycan prezidenti dünənki mətbuat konfranında bu fikrin üstündə xüsusi dayandı ki, məhz bu tarixdə Çanaqqala savaşının qeyd olunması çox önəmlidir. Əslində bu, iaşrə idi, ermənilər yenə təxribat hazırlayacaq və biz bu şəkildə onların təxribatına cavab verəcəyik”.

E.Şahinoğlu qeyd edib ki, İlham Əliyevin Türkiyəyə son rəsmi səfəri də bu baxımdan çox əhəmiyyətlidir. Çünki Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunacağı ilə bağlı fikirlər dolaşırdı:

“Belə fikir gəzirdi ki, guya aprel ayına qədər Türkiyə hökuməti Ermənistanla diplomatik münasibətləri bərpa edəcək. Amma həm İlham Əliyevin səfəri, həm Çanaqqala savaşının yüz illiyinin qeyd edilməsi və bu tədbirə Azərbaycanın dövlət başçısının dəvəti bir daha onu göstərir ki, Ərdoğan Ermənistan siyasətini dəyişməyib. Və Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər heç bir halda Ermənistanla sərhədi açmayacaq və bu ölkə ilə diplomatik münasibət qurmayacaq”.

Qeyd edək ki, rəsmi Ankara I Dünya müharibəsi zamanı 1915-16-cı illərdə baş verən Şanaqqala savaşının 100-cü il dönümünü qeyd etməyə hazırlaşır. 23-24 aprel tarixlərində baş tutacaq tədbirə 102 ölkənin dövlət və hökumət başçısı dəvət olunub. Dəvətlilər siyahısında ABŞ prezidenti barak Obama və Ermənistan prezidenti Serj Sarkisyan da var.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti