Bakıya gələn yük maşınları nazirliyin hədəfində

Bakıya gələn yük maşınları nazirliyin hədəfində
  16 Yanvar 2015    Oxunub:2195
Bir neçə il öncə Nəqliyyat Nazirliyindən belə bir açıqlama verilmişdi ki, Bakıya iri tonnajlı yük avtomobillərinin daxil olması tamamilə qadağan ediləcək. Qeyd edilir ki, bu addım həm şəhərdə nəqliyyatın hərəkətinə maneə yaratmamaq, həm də yol örtüyünün qorunması məqsədi daşıyır.

Nazirlik vəziyyətdən çıxış yolu olaraq iri yük avtomobillərinin şəhərə daxil olmasının qadağan edilməsi və onların gətirdiyi yükün şəhər daxilinə nisbətən kiçik yük maşınları ilə daşınmasını istəyirdi. Bu məqsədlə paytaxtın müxtəlif girişlərində yük terminalları tikiləcək ki, yük maşınlarının gətirdiyi yüklər burada boşaldılaraq daha kiçik avtomobillərə yüklənəcək və şəhərə daşınacaq. Şəhərin şimal və cənub girəcəyində terminalların tikiləcəyi dəqiqləşib.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov AzVision.az-a açıqlamasında bildirib ki, hazırda bu layihə üzərində iş davam etdirilir.

“Tək şəhərin daxilində deyil, Bakıdan kənarda da bu işləri elə qurmağa çalışırıq ki, normadan artıq yük götürən və müəyyən olunmuş saatdan kənar heç bir avtonəqliyyat vasitəsi şəhərə daxil olmasın. Bu işləri Bakı şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi birgə həyata keçiririk. Bu qadağalar hazırda var. Kimsə qadağan olunmuş saatda, normadan artıq yüklə gizli şəhərə daxil olursa, onlarla bağlı tədbirimizi görürük. Ümumiyyətlə şəhərin girişlərində terminalların tikilməsi ilə bağlı işlər davam etdirilir”-deyə nazirlik rəsmisi vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti