Komitə sədri: “Zakir Həsənov yaxın dostumdur”

Komitə sədri: “Zakir Həsənov yaxın dostumdur”
  16 Yanvar 2015    Oxunub:18725
“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğlu Nazim Həsənov atasının olduğu çərçivədə oturmaq üçün ondan icazə alır. O, atasından soruşur ki, oturmaq olar, yoxsa olmaz?!”

Bu fikirləri AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Zakir Həsənovla dostluq münasibətində olduğunu deyən E.Behbudov generalın ailəsini yaxşı tanıdığını bildirib:

“Zakir müəllim mənim dostumdur. Zakir Əsgər oğlu Həsənov hələ müdafiə naziri vəzifəsinə təyin olunmamışdan öncə daxili işlər nazirinin müavini, daxili qoşunların komandanı olub. Mən Zakir müəllimi kapitan rütbəsindən tanıyıram. Onların ailəsini də yaxşı tanıyıram. Zakir müəllimgil atalarını cavan yaşlarında itiriblər. Zakir müəllimin böyük qardaşı onlara ata əvəzi olub. Atası da hərbçi olub. O, Lənkəran-Astara bölgəsində hərbi komissar olub”.

Daha sonra hüquq mühafizəçisi qeyd edib ki, Zakir Həsənovun böyük qardaşı Eldar Həsənov onun rəisi olub:

“Zakir müəllimin böyük qardaşı, onların ata əvəzi Eldar Həsənov mənim rəisim olub. Ən çox istədiyim rəisim idi. Hərbi kəşfiyyatla bağlı Prezidentin Xüsusi İdarəsində rəis işləyirdi. O idarə yaradılan vaxt Eldar müəllim Dövlət Təhlükəsizlik Komitəsindən məni özü ilə həmin idarəyə aparıb. Eldar müəllim o zaman Dövlət Təhlükəsizlik Komitəsində Xüsusi Şöbənin rəisi idi. Zakir müəllim digər qardaşı da hərbçidir. Onların ailəsi çox təmizdir. Bunu tam məsliyyətimlə deyirəm. Bu ailə hərbçi ailəsidir”.

E.Behbudov qeyd edib ki, Z. Həsənovun oğlu Nazim Həsənov hüquq mühafizə oraqanlarında işləyir:

“Zakir müəllimin Nazim adlı oğlu var. O, da hüquq mühafizə orqanlarında işləyir. Zakir müəllimin oğlu çox tərbiyəli və ağıllıdır. Mən Zakir müəllimin ailəsinə yaxın adamam. Zakir müəllimi və oğlunu dəfələrlə xeyir-şər məclislərində görmüşəm. Nazim Zakir müəllimin olduğu çərçivədə oturmaq üçün ondan icazə alıb əyləşir. O, atasından soruşur ki, oturmaq olar, yoxsa olmaz?

Nazim çox gəncdir. Onun hələ 27 yaşı var. O çox tərbiyəli və yerini bilən oğlandır. Hərbçi ailəsində tərbiyə almış oğlandır. O elə tərbiyəli gəncdir ki, mənimlə də görüşəndə başını aşağı salıb salam verir. Nazim əmiləri ilə də utana-utana görüşür. Bəzən Zakir müəllim Nazimə deyir ki, get, hər şeyi özün həll elə. O nazir adından sui-istifadə edən oğlanlardan deyil”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti