İlin cavabsız sualı: Qarabağı nə gözləyir?

İlin cavabsız sualı: Qarabağı nə gözləyir?
  19 Yanvar 2015    Oxunub:1961
2014-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir sıra hadisələrlə yadda qaldı. İlin ən önəmli hadisəsi prezidentlərin görüşü hesab olunurdu. Danışıqların taleyi məhz bu görüşlərdən və əldə olunan nəticələrdən aslı idi.

Azərbaycan və Ermənistan rəhbərləri ötən il ərzində 3 dəfə görüşərək Dağlıq Qarabağ probleminin həlli məsələsini müzakirə etdilər. Qərbin və Rusiyanın “canfəşanlığı” ilə baş tutan görüşlərdə gözlənildiyi kimi ciddi irəliləyiş əldə olunmadı. Əksinə, noyabr ayında Ermənistanın silsilə təxribatları, düşmən helikopterin Dağlıq Qarabağda təmas xəttini keçməsi və Azərbaycan ordusunun helikopteri vurması münasibətləri daha da gərginləşdirdi.

Ölkə başçısı Türkiyə səfəri zamanı bu məsələyə xüsusi toxunaraq düşmənin yerinə oturdulduğunu diqqətə çatdırdı.

Prezident Ərdoğanla keçirdiyi mətbuat konfransında vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub.

“Ermənistan təxribat xarakterli addımlar atdı, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirdi, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu”.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistanın törətdiyi təxribatlar danışıqlar prosesinə müsbət təsir göstərmir.

“Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.

Dövlət başçısı çıxışında əminliklə bəyan etdi ki, Azərbaycan öz suverenliyini bərpa edəcək.

Ümumilikdə 2015-ci ilin qondarma “erməni soyqırımı”nın 100-cü il dönümünün olmasını nəzərə alsaq bu ilin də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından gərgin keçəcəyini proqnozlaşdırmaq olar.

2015-ci il Qarabağa nə vəd edir?

Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında bildirib ki, hadisələrin indiki gedişi, səslənən ifadələr, xüsusən də Ermənistan tərəfinin davakar bəyanalatları onu göstərir ki, bu il danışıqlar prosesini yeniləmək, hər hansısa irəliləyişə nail olmaq mümkün olmayacaq:

“Azərbaycan prezidenti İlham Əliyev son çıxışında Ermənistanla bağlı ciddi mesajlar göndərdi və bu ölkəni konstruktiv olmağa çağırdı. Azərbaycanın Müdafiə Nazirliyi də Ermənistan tərəfinə buna bənzər çağırış etdi. Bütün bunlar onu göstərir ki, hələ ki, tərəflər arasında danışıqlara apara biləcək ciddi vasitə qalmayıb. Əksinə müharibə və qarşıdurma ehtimallarını artıran elementlər daha çoxdur. 2015-ci ilin Dağlıq Qarabağ üçün gərgin keçəcəyi və danışıqlar prosesində hər hansı irəliləyiş olmayacağını göstərir”.

Q.Hüseynli vurğulayıb ki, qondarma “erməni soyqırımı” amilini də unutmaq olmaz:

“Ermənistan bütün potensialını qondarma soyıqırımın 100 illiyinin bütün dünyada qəbul edilməsinə, beynəlxalq ictiami rəydə əzabkeş erməni obrazının yaradılmasına, əksər dnüya dövlətrinin parlamentində bu “soyqırımın” qəbul edilməsinə sərf edəcək. Ona görə də Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe göstərsə , “soyqırım”ın tanınması ilə bağlı planlarına xələl gələ bilər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə təklif edir ki, Qarabağ torpaqları azad olunana qədər Azərbaycanda hər il “Qarabağ ili” elan edilsin:

“Biz 2014-cü ildə Qarabağ problemi ilə bağlı görülən işlərlə bağlı hazırladığımız hesabatda da qeyd etdik ki, 2015-ci il “Qarabağ ili” elan olunsun. Bu problemin həlli istiqamətində həm hakimiyyət, həm də cəmiyyət səviyyəsində işlər görülməlidir. 2015-ci ildə məsələ tam həll olunmasa da, həlli istiqamətində ciddi irəliləyişlər əldə olunmalıdır. Çünki çox vaxt keçib. Bütün illər “Qarabağa ili” elan olunmalıdır”.

A.Nağı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt mövqe ortaya qoyduğunu da xatırladıb:

“Hesab edirik ki, Azərbaycanın kifayət qədər hərbi, iqtisadi gücü var. İndiyə qədər Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısındakı öhdəliyini yerinə yetirib. Bu günə qədər hərbi yola əl atmayıb, ona görə də müharibəyə başlaya bilər”.

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev isə 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər olacağına ümid edir.

Deputat hesab edir ki, bu baxımdan 2014-cü ili də uğurlu saymaq olar:

“2014-cü ildə irəliləyişlər var idi, danışıqlar prosesi davam etdirilirdi. Bu, özü çox müsbət haldır. Hər halda Azərgbaycan ən önəmli problemini sülh yolu ilə həll edəcək. Bununla bağlı böyük gözləntilərimiz var. 2015-ci ildə də danışıqlar davam edəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə biləcək”.

R.Rzayevin fikrincə “erməni soyqırım”ının bu məsələyə heç bir təsiri ola bilməz:

“Qondarma soyqırım iddialarının Qarabağ məsələsinin həllinə heç vaxt təsiri olmayıb ola da bilməz”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti