Xanım deputat: `Səsimizi çıxartsaydıq, qızlarımız da belə olmazdı`

Xanım deputat:  `Səsimizi çıxartsaydıq, qızlarımız da belə olmazdı`
  19 Yanvar 2015    Oxunub:3533
“Bəzi ailələr özləri də bilmədən qız övladlarını uçuruma yuvarlayırlar”.
Bunu AzVision.az-a millət vəkili Jalə Əliyeva yeniyetmə qızların süni abortundan danışarkən deyib.

Deputat yeniyetmələrin süni abortlarına görə valideynləri ittiham edib:

“Qızın böyüdüyü ətraf mühitə diqqət edilməməsi, bir də bizim ucqar rayonlarda qızların erkən nikaha valideyinlər tərəfindən məcbur edilməsinin nəticəsi ki, azyaşlılar arasında abort edənlərin sayı artıb. Bütün bunlar belə bir statistik rəqəmi ortaya qoyur. Nəticədə həyata yeni başlayan , ilk addımlayan yeniyetmə bir gənc qızın bütün həyatı alt-üst olur. Bununla bağlı əlbəttə, dövlət tərəfindən tədbirlər görülür, dövlət proqramları, qanunları var, sadəcə olaraq ayrı-ayrı vətəndaşlar hələ də öz məsuliyyətlərini dərk etmirlər. Xüsusən, həkimlər də bu işdə çox günahkar olurlar. Bütün bunlar sadəcə qanunlarla yox, eyni zamanda cəmiyyət arasında maarifləndirmə işinin aparılması, bununla bağlı videoçarxların çəkilməsi, nəyin yaxşı, nəyin pis olmasını gənc qızlarmıza hələ onlar uşaqikən faktlarla, örnəklərlə izah edilməsi yolu ilə aradan qaldırıla bilər”.

Deputat məsələyə pessimist mövqedən yanaşmağın düzgün olmadığını da qeyd edib.

“Biz bu statistikanın aparıldığını deyirik, amma onu da deyək ki, nə qədər qız bu yoldan çəkindirilib. Neçə qızımız dərk edib ki, gələcəyi hansı şəkildə qurmalıdır. Statistikanı aparsaq yəqin ki, bu 135 rəqəmindən çox yüksək olar. Ona görə də mən cəmiyyətin qara boyalarla görülməsinin tərəfdarı deyiləm . Sadəcə olaraq disiplini bir az da artırmalıyıq. Bunun yolu düşünürəm ki, hər birimizin cavabdehliyini və məsuliyyətini artırması ilə ola bilər. Cəmiyyət o zaman qazanır, inkişaf edir ki, onun üzvləri laqeyidlik, biganəlik pərdəsini öz üzərlərindən atırlar. Öz ailəm yaxşı olsun, sadəcə mən sağ-salamat olum prinsipindən uzaqlaşıb, bir azda kənara kömək etməyə başlasaq, tutaq ki, qonşumuzun problemi ilə maraqlansaq , səsimizi yüksəltsək yaxşı ola bilər. Bəlkə o gənc qızı ailəsi görmür, hansısa yalnış addım atdığını, amma biz qonşu, qohum, ətrafda olan insan olaraq görürük. O zaman səsimizi çıxartsaq, onu düzgün yola dəvət etsək, bəlkə də onun da bir gözəl nəticəsini əldə edə bilərik. Elə məsələlər var ki, orada gözləyək ki, qanunlar işləsin , dövlət qərar versin, sadəcə bir nəfərin, bir qurumun verdiyi qərarla, gördüyü işlə əlbəttə bütün cəmiyyətin bəlasına çevrilmiş bir məsələni aradan qaldırmaq çətin olar”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu yeni rəqəmlər açıqlayıb. İnstitutun elmi katibi Leyla Məmmədova bildirib ki, 20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır.

2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir. Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş 2,9 faiz, 15-17 yaş 0,6 faiz, 18-19 yaş 6,1 faizdir. Ümumiyyətlə, hamiləlik zamanı itkilərin əksəriyyəti süni abortlar — 40.9 faiz, daha sonra uşaqsalma 6 faiz və ölü doğuş 0.4 faiz nəticəsində baş verir.

Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 min olub. Statistikada əsas diqqəti çəkən məqam yetkinlik yaşına çatmayan 15-17 yaş arası 135 nəfərin abort olunmasıdır.

Şahanə Rəhimli


Teqlər:  



Xəbər lenti