Deputatdan girovlarla bağlı təklif: `Erməniləri oğurlayaq...`

Deputatdan girovlarla bağlı təklif: `Erməniləri oğurlayaq...`
  19 Yanvar 2015    Oxunub:2952
“Mənim bir deputat kimi, gücüm ona çata bilər ki, gedib iki erməni oğurlayım. Amma yaşım bir az keçib, oğurlaya bilmərəm”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Millət vəkili erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı alternativ yolları açıqlayıb. Bildirib ki, D.Əsgərov və Ş.Quliyevi erməni girovlarla dəyişdirmək ən münasib yoldur.

Millət vəkili həmçinin qeyd edib ki, iki ermənini oğurlayıb, girovlarımızla dəyişdirə bilərik:

“Nə çətin məsələdir ki, gedib iki erməni götürürsən, sonra da dəyişdirirsən. Bunun ayrı yolu yoxdur. Beynəlxalq məhkəmə var ki? Onlar hamısı ikiüzlü məhkəmələrdir. Girovlarımızın biri Rusiya vətəndaşıdır. Rusiya isə onun geri verilməsini tələb etmir. Qanunda var ki, həmin girov Rusiyaya ekstradisiya edilsin. Girovlarımızı geri qaytarmağın çox asan yolu, girovu girovla dəyişdirməkdir”.

Daha sonra. A.Abbas girov ailələrinin millət vəkillərini fəaliyyətsizlikdə ittiham etmələrinə münasibət bildirib. O, qeyd edib ki, millət vəkilləri üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirirlər:

“Girovlarımızın ailələrinə qurban olum. Millət vəkili parlamentdə bununla bağlı çıxışlar edirlər. Elə hamı millət vəkillərini qınayır. Millət vəkili bəyanat verə, müraciət tipli məktublar göndərə bilər. Millət vəkilləri mənasız beynəlxalq hüquq təşkilatlarına müraciət edirlər. Həmin təşkilatlar isə bir şey olan kimi, Azərbaycanın üzərinə gəlir. Bu məsələ ilə bağlı millət vəkilləri bəlkə 20-yə yaxın müraciət göndəriblər. Daha bundan başqa millət vəkilləri nə etməlidirlər? Bir mənəm millət vəkili. Gücüm ona çata bilər ki, gedib iki erməni oğurlayım. Amma yaşım bir az keçib. Oğurlaya bilmərəm”.

Aqil Abbas həmçinin qeyd edib ki, vətəndaşlarımız yenə də işğal altında olan rayonlarımıza gedib-gəlirlər:

“Bu dəqiqə yenə də Kəlbəcər və Laçından olan vətəndaşlarımız işğal altında olan rayonlarımıza gedib gəlirlər. Onlar da erməni gətirə bilərlər. Burada çətin nə var? Bu dediklərim erməni girovluğunda olan azərbaycanlıları geri qaytarmağın alternativ yoludur. Amma mənim dediklərim qanun deyil. Helikopter vurulanda biz tərəfdə qalan ermənilərin meyitlərinin götürülməsini təklif etdim. Əgər onları biz götürsəydik, indi girovlarımızla dəyişdirərdik”.

Qeyd edək ki, ötən il dekabr ayının 29-da Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu qondarma “məhkəməsi” keçirilib.

“Məhkəmə”də hakim Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Girovlarımızın Şuşa həbsxanasında saxlanıldığı deyilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti