“Sovetski”dəki yeyinti ittihamına icra hakimiyyətindən CAVAB

“Sovetski”dəki yeyinti ittihamına icra hakimiyyətindən CAVAB
  22 Yanvar 2015    Oxunub:2912
““Sovetski”də söküntü işləri dayandırılmayıb. Yazılanların heç bir əsası yoxdur. Vəsait bir-başa vətəndaşlarla alqı-satqıya yönəlib. Hazırda işlər davam edir”.
Bunu AzVision.az-a açıqlamasında Bakının “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal rayon İcra Hakimiyyəti (YİH) başçısının müavini Səməd İslamov deyib.

İcra nümayəndəsi "Sovetski"də yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi prosesinin dayandırılması və ev sahiblərinə kompensasiyaların tam ödənilməməsi haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

O, söküntü işlərinin davam etdiyini, BŞİH-nin sərəncamına uyğun olaraq həmin ərazidəki evlərin inventarlaşdırılması işlərini apardıqlarını deyib:

“Söküntü ərazisinə düşən 10 min 500 yüz yaşayış və qeyri-yaşayış sahəsinin inventarlaşdırılması və ölçü işlərinin başa çatdırılması istiqamətində ciddi fəaliyyət göstəririk. Bu böyük bir layihədir və axıra qədər də davam etdiriləcək. Bu məsələdə ümumiyyətlə kompensasiya söhbəti yoxdur. Kompensasiya dövlət ehtiyacları üçün hər hansı bir alqı-satqı prossesi aparılan zaman tətbiq olunur. Amma biz burada könüllü sürətdə alqı-satqı işləri aparırıq. Burada söhbət kompensasiyadan getmir. Bütün vətəndaşlar notarial qaydada gedib mənzillərini satırlar və pullarını da alırlar. Kiminsə kompensasiyasının yarısı verildi, yarısı verilmədi və s. kimi söhbətlər ola bilməz. İnsanlar alqı-satqı edirlər, natoriat qaydada sənədləri imzalayır və gedib bankadan pullarını alırlar. Söküntü işləri də davam edir. Biz hazırda bütün gücümüzü həmin ərazidəki 10 min 500 yaşayış və qeyri-yaşayış evnin tam inventarlaşdırılması və ölçü işlərinin başa çatdırılmasına yönəltmişik”.

İcra rəsmisi yaxın vaxtlarda işlərin yekunlaşacağını bildirib: “Artıq 7 minə yaxın mənzilin və qeyri-yaşayış sahəsinin ölçü və inventarlaşdırılma işləri başa çatıb”.

Qeyd edək ki, yerli mətbuatda yayılan bəzi məlumatlara görə, “Sovetski”də söküntü işləri dayandırılıb, evləri sökülən sakinlərə kompensasiya verilməsi yubadılır, ciddi yeyinti halına yol verilir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti