Millət vəkili: `Parlamentdə “qara fəhlə”yik...` - MÜSAHİBƏ

Millət vəkili: `Parlamentdə “qara fəhlə”yik...` - MÜSAHİBƏ
  22 Yanvar 2015    Oxunub:6175
“Əgər deputat sözünü demədəm yatırsa, bu çox pisdir”.

“Bu məsələyə görə 15 dəfə Artur Rasizadə ilə görüşdüm”

“Elə gənc var ki, o qocadan daha yaşlıdır...”


AzVision.az saytı yeni layihəyə start verir. “Deputatın hesabatı” adlı layihə çərçivəsində Milli Məclisin deputatları ilə silsilə müsahibələr alaraq onların geridə qoyduğu 5 illik fəaliyyəti dövründə gördüyü işlərinin hesabatını oxuculara təqdim edəcəyik.

Layihəmizin ilk qonağı Milli Məclisin tanınan deputatı, pezidentliyə keçmiş namizəd Zahid Orucdur. Millət vəkili AzVision.az -a müsahibəsində gördüyü işlərdən, deputat həmkarlarının fəaliyyətindən, şəxsi biznesindən tutmuş, yaşlı deputatlarının parlamentdən uzaqlaşdırılmasına kimi bir sıra məqamlara aydınlıq gətirib.

- Bildiyimiz kimi, qarşıdan parlament seçkiləri gəlir. Bu il deputat fəaliyyətiniz başa çatır. Ümumilikdə ötən beş ili necə qiymətləndirirsiz və bu illər ərzində seçicilərinizin sizə ünvanladığı problemləri Milli Məclisdə nə dərəcədə qaldıra bilmisiniz?

- Kənd mühitində böyümüşəm və yaxın qohumlarımdan birinin uşaqlığımda dediyi sözü xatırlayıram. O deyirdi ki, tez-tez səbrini genişlənləşdirməyə çalışdığı adama “hamı yaza bir çıxır” deyərdi. Əvvəllər bu sözün arxasında dayanan mənanı bilməzdim.Çox sonralar dayımın hikməti mənə çatdı.İndi bəzi həmkarlarımızın qaçış cığırına bizdən öncə çatmasını görəndə onu xatırladım. Tam açıq söyləyimm ki, 2015-ci ilin parlament seçkilərini bizdən daha çox onlar hiss edirlər.

Milli Məclisdə çox da aktiv olmayanların hazırda efir məkanına çıxan və geniş tirajlanan əksləri, geopolitik fikirləri bəribaşdan qarşıdakı seçkilərə kimin daha yaxşı hazırlaşdığını sübut edir. Amma indiyədək hər kəsin iş imsalını qiymətləndirən dövlət institutlarımız var və onların ədalətinə rəğmən siyasi yaza çıxmış həmkərlarımızın əlahiddə fəllağının ötən 5 ili əvəzləməyə çatmayacağını düşünürən. Artıq gecdir.

Bərdəni artıq 3-cü dönəmdir ki, Milli Məclisdə təmsil edirəm. Bu illər ərzində insanlarla aramızda sabit, dayanıqlı, intensiv görüşlərə dayanan və son dərəcə mehriban ünsiyyətə söykənən münasibətlər qurulub. Mən hər zaman sadə xalqın ayağına gedənlərin sırasındayam, onların mənə uzanan əllərindən mümkün qədər tutmağa çalışmışam.

Hansı ictimai problemləri hökumətə və tribunaya daşımaq vacibdirsə,onları seçib müəyyənləşdirməyə çalışmışam. Təkliflərimiz, müraciətlərimiz əksər hallarda qəbul olunub və insanlara rahatlıq gətirib. Buna görə də bir daxili məmmunluğumuz var ki, Bərdənin quruculuğunda az da olsa iştirak etmişik.

Ümumiyyətlə, təmsil etdiyim bölgənin insanlarını imam camaatı hesab edirəm. Çox islah adamlardır, ən ağır problemləri yaşayan insan belə kəskin davakarlıq ruhunda sənə yaxınlaşar, bir az ünsiyyətdən sonra əlləri boşalar, səninlə çox istiqanlı münasibətə gedər və anlaşma mövqeyini tutar. Ona görə də bu dövr ərzində Bərdənin müxtəlif problemlərinə münasibətdə mən onların xüsusi elçisi olmuşam.

Adətən deyirlər ki, parlament üzvü qaz, su, məktəb tikintisi problemlərinə qatılmalıdır, yoxsa, yox? Əlbəttə bunların hamısında iştirak etməlidir.

Sadəcə qanun istehsalı ilə kifayətlənmək və əsil hüquq yaradıcılığı ilə ölkənin yönləndirilməsində rol oynamaq missiyası 2050-ci ilin parlament üzvünün vəzifəsi ola bilər. Amma 21-ci əsrin əvvəlindəki deputatın üzərinə düşən vəzifələr var. O təmsil etdiyi tribunanı aktiv etməlidir. İctimi prosesləri oraya daşımağı bacarmalıdır. Təbii ki, müəyyənləşdirilmiş bir xətt üzrə də insanlarla əlaqələrini qurmalıdır. Ona görə də kimsə hesab edirsə ki, hansısa bir bölgə problemi mənə aid deyil, sadəcə burada hüquqi quruculuq istiqamətində addımlar atmalıyam, sizi əmin edirəm, ,reallıqda həmin insanlar heç bir iş görmür. Bu illər ərzində onları çox müşahidə etmişəm. Əksər hallarda parlamentin iclasını tez bir vaxtda bitirməyə aludə olanlar, yerdən səs-küy salanlar guya ki, seçici ilə aktiv işləyənlərin sırasındadırlar. Amma əminəm ki, həmin nominasiyada siz onları görməyəcəksiz.

Özümə qiymət verməyi qətiyyən istəmirəm. Seçicilərimlə son görüşüm dekabr ayının 24-də Bərdədə olub. Dövr edən təkərlər ömrümüzün fırlanan çarxları kimi həyatımızın nə qədər hissəsisinin bu yolda keçdiyini göstərsə də, mən o zaman və məsafə ölçüsünü indi sizə deyə bilməyəcəm. Lakin bütün bunlar millətə xidmət üçün olub və mən bundan qürur duyuram. Ancaq qiymətləndirmə yenə Bərdə insanının ixtiyarındadır.



- Seçiciləriniz daha çox hansı problemlərin görə sizə müraciət edirlər?

- Müraciətlər müxtəlif olub. 21-ci əsrin ilkillərində orada əsasən artezian quyularının çatışmazlığı və mövcud olanların pis işləməsi ilə üzləşirdik. Elektrik enerjisinin fasilələrlə verilməsi ən böyük dərdimiz idi. Bərdə bir yerli sakinə bir köçkünün düşdüyü və Qarabağın giriş-çıxış qapısına çevrilmiş bir rayon olmağını da əlavə olaraq bura yazsaq, humanitar gərginliyin hansı səviyyədə olduğu tam bəlli olacaq.

Ağdamın, Kəlbəcərin, Qubadlının köçkünlərinə təkcə yer, torpaq və sığınacaq deyil, həm də qəlblərini verən bu adamlar sözün həqiqi mənasında dədakar insanlardır Onların ən minimum təminatlarını ödəmək heç də asan deyildi. Bu mənada Bərdə camaatı misilsiz humanizmə, müqayisəyə gəlməz böyüklüyə malik insanlardır.. Ulu öndər Bərdədə çadır evlərinə və çiy kərpicdən salınmış qəsəbələrə baş çəkirdi. Qızıl Aypara cəmiyyətinin himayəsi altında on minlərlə insan yaşayırdı. Və indi o problemlər arxada qalıb. Məhz Azərbaycan dövlətinin hesabına.

Bərdədə əsasən qazlaşma məsələsi üzərində problemlər var idi. Bundan ötrü 15 dəfə hörmətli baş nazirimiz Artur Rasizadə ilə görüşmüşəm. Cənab baş nazir parlament üzvlərinə hər zaman qapılarını geniş açıb. Yetər ki, ora gedəsən və bu məsələləri ortaya çıxarasan. Bu mənada hökumət rəhbərinin çox yüksək dəstəyi və rayon rəhbərliyi ilə birgə biz Bərdənin 63 kəndinin qazlaşdırılmasını reallaşdıra bilmişik. Bərdənin qazlaşması digər rayonlarla müqayisədə ən yüksək pillədə durur. Buna görə ilk növbədə dövlət başçısına borcluyuq. Paralel şəkildə “Azəriqaz” rəhbərliyi, Bərdə rayon İcra Hakimiyyəti başçısı və bizlər də bu məsələyə yaxından qatılmağa çalışmışıq.

Açıq söyləməliyəm ki, Daxili İşlər naziri Ramil Usubov hər zaman Qarabağın və Bərdənin üzərində yüksək alicənablıqla və mərdliklə öz köməkliyini göstərib, dövlətin əsil sədaqətli təmsilçisi kimi adamların çağırışına və müracitəinə səs verib. Dövlət müstəqilliyinin ilk illərində həm də belə yardımların və xeyirxahlığın üzərində formalaşmaqda idi. Ona görə hakimiyyət orqanları ilə təmaslarımızın nəticəsinə həmişə güvənmişik

Lakin hazırda Bərdənin ən mühüm məsələsi yeni iş yerlərinin açılmasıdır. Çünki o bölgədə demək olar ki, istehsalat sahələri yoxdur. İmişlidə şəkər zavodunu qura bilmişik, amma onun çuğunduru Bərdə şəhərindən gedir. Vətəndaşın düşünməyə ixtiyarı var ki, nədən bu zavod həmin bölgədə olmasın? İndi onlarla obyekt açılışını gözləyər. O cümlədən,uğurla çalışan kütləvi xidmət və şəffaf idarəçilik subyektinə çevrilmiş “ASAN xidmət” qurumu fəaliyyətə başlamaq üzrədir.Qarabağda belə dövlət təşkilatlarının bir ayrı mənası var

“Parlamenti yalnız siyasətçilərdən, hüquqşünaslardan və filosoflardan formalaşdırmaq o qədər də düzgün olmaz”

- Bəzi həmkarlarınız var ki, 5 il ərzində bir dəfə də olsun parlamentdə çıxış etməyiblər. Elə həmkarlarınıza münasibətiniz necədir? Həmçinin 2015-ci il parlament seçkilərində dəyişikliklər çoxmu olacaq? Bu barədə nə deyə bilərsiniz?

- Qətiyyən bunu mühakimə xatirinə, özümüzün qəhrəmanlığımızı qabartmaq naminə demirəm, sadəcə biz hər siyasi dövrü həssaslıqla müşahidə etmişik. 2005, 2010-cu illərin yaşananları unutmamışıq.Əlbəttə, hər kəs fərdi olaraq öz həyat yolunu müəyyənləşdirir. Həmkarlarımla normal münasibətimiz var, amma parlamentin 30 faizlik potensialı aktiv olaraq mediaya açıqdırsa, Milli Məclis daha çox o potensiala dayanaraq işləyib demək. Zənn edirəm, 2015-ci ildə də o tərkib saxlanacaq. Yəni, aktiv kəsim və siyasi səhvə yol verməyən, fiziki dayanıqlığı şalışmağa yol verənlər öz yerini qoruyub saxlaya biləcəklər.

İndi təsəvvür edin, 125 parlamentarinin hər biri ideya istehsalçısı, fikir, mövqe sahibi, qanun quruculuğuna töhvə verən insan olsa idi, bizim aktivliyimiz heç də əlahiddə görünməzdi.

Əksinə bəzən kimlərsəsə daimi çalışmalarımızı bizim əleyhimizə çevirir. Yəqin kiminsə ikinci iş yerinə,yaxud onların cəmiyyətdəki boylarına və ictimai mühakimə zamanı müqayisə obyektinə çevrilməyimiz narahatlıq doğruru. Halbuki, fundamental mövqeyim odur ki, deputat əsasən öz iş yerində olmalıdır. Milli Məclisin otaqlarına baxsanız görərsiniz ki, onların 80 faizi boşdur. Amma məlumatlıyam ki, burada aktiv şəkildə çıxış etməyənlərin bir çoxu seçiciləri ilə yaxşı ünsiyyət qurublar. Onların biznes strukturları varsa, vətəndaşa yardım üçün ondan istifadə edirlərsə, bu çox yaxşıdır. Parlamenti yalnız siyasətçilərdən, hüquqşünaslardan və filosoflardan formalaşdırmaq o qədər də düzgün olmazdı. 2015-ci ilin proqnozunu vermək çətin olsa da parlamentdə siyasətçilərin çox olmasını istərdim Düşüncə, sahiblərinin mövqeyi, fikir daşıyıcılarının cəmiyyət, media həyatına, dövlət quruculuğuna təsiri yalnız işin xeyinədir.

Parlamentdə ixtisaslaşmanın getməsi, məsələn, Yaxın Şərq üzrə mütəxəssislərin sizlərin suallarına cavab verməsi, Avropa qitəsinə tamam fərqli insanların çıxışı, həmçinin regional prosesləri bilməsi, hüququn peşəkarlağında və s. güclü olması avtomatik o deməkdir ki, biz çeşidlənəcəyik. Cəmiyyət daha çox məlumatlı alacaq. Eyni adamların üzərinə daha çox yeriməyəcəksiz. Siyasətçi, hüquqşünas, peşəkar diplomat öz üzərində işləməyəndə, onu ətraf hiss edir. Ona görə 2015-ci ilin parlamentarisinin üzərində olan tələblər tamam başqadır. Ola bilər ki, xanımlar üstünlük qazansın. Amma önəmlidir ki, peşəkarlıq olsun. Parlamentarizm müzakirə mühitidir. Debatlar, fəal diskussiyalar, canlı, hətta bir az qədərindən artıq emosional ortamın yaranmağı. Siz bundan nə isə götürə bilərsiz. Alman Bundestaqına gedib baxsanız görəcəksiniz ki, bütün şüşələrini şəffaf ediblər. Küçədən keçən hər kəs onları izləyə bilir. Daim tələbələr, şagirdlər və hətta körpələr o prosesi müşahidə edə bilirlər. Bu gün bizlərik və sabah həmin müşahidəçi nəsil o yerləri tutur. Bu binaya daxil olanda gözləri böyümür, ondan narahat olmur, qeyri-adi qarşılanmır, təbii proses kimi estafet ötürülür. 2015-ci ilin parlamentinə bunu arzu edirəm.

- Zahid müəllim, siz 2015-ci ildə namizədliyinizi irəli sürəcəksizmi?

- Bu suala bir çox həmkarlarımızın cavabını gördüm. Bir çoxları da ənənəvidir. Açığı deyim ki, bunu istəmirəm. Bu dövr ərzində insanlarla təmasımıza rəğmən, Azərbaycan dövlət quruculuğunda hələ də iştirak imkanını və potensialını daşıdığımızı zənn edirik. Amma çox açıq söyləməliyik. Bizi başqalarından fərqləndirən keyfiyyət və xüsusiyyət var. Bütövlükdə bu dövlət başçısının komandasının hər bir üzvünün üzərində olan vəzifədir. Burada özfəaliyyət yoxdur. Hərə bir avtonom qərarla yaşasaydı, idarəçilikdə xaos yaranardı. Özümü zamanında Ulu öndərin, indi isə cənab prezidentin siyasi komandasının üzvü kimi hiss edirəm. Bu cür düşünürəm, belə fəaliyyət aparmışam. Ona görə də ümumi hakim siyasi komanda düşünəcəksə ki, 2015-ci ilin parlamentində yer almaqla bu dövlətin və millətin mənafeyi naminə şçalışmış olacağıq olacağıq,onda təbii ki, iştirak edəcəyik. Yox əəksinə,deməli,missiyamızı başa vurmuşuq, fərqli bir cinahda töhvə verə bilərik, artıq əvəz olunmalıyıq, səmimiyyətimlə deyirəm ki, heç bir halda ruhdan düşməyəcəm. Bu məndə xüsusi üsyan və narazılıq, əqidə dəyişikliyi və s. doğurmuyacaq.

- Fərqli cinah dedikdə nəyi nəzərdə tutursunuz? Ola bilərmi ki, sizə başqa bir vəzifə verilsin. Belə bir təklif gözləyirsinizmi?

- 2013-cü ilin prezident seçkilərində iştirakdan sonra bu mövzuda öncəgörmələr mediada həddindən artıq çox olub. Müxtəlif komitə, nazirlik, diplomat və s. mövqeydə görənlər olub. Hər birinin etibarına görə təşəkkür edirəm. Amma tam səmimiyyətimlə deyirəm, bu informasiyaların yayılmasında qəti şəkildə maraqlı olmamışam. Əksinə bu informasiyalar mənə ziyan gətirib və maraqlarımla heç bir uyğunluq təşkil etməyib. İnsan düşünər ki, mühüm bir dövlət sektorunda təmsil olunsun və öz potensialını reallaşdırsın, vətəndaşına xidmət göstərsin. Ulu öndər deyirdi ki, “mən vəzifə uğrunda savaşmamışam, vəzifə çox vaxt məni tapıb”. Obrazlı şəkildə desək,adamı tribunaya gətirirsən böyüyür,amma bir çoxunu elə həmin kreslo məhv edir, yaxud mənəvi-siyasi zəifliyni üzə çıxarır. Ona görə layiqlik mühüm keyfiyyətdir.

Baxın, bəzi adamları vəzifədən çıxaranda sevinirik, vəzifəyə təyin olunanda o etimadı yaşamırıq. Bu da gerçəkliyimizdir və inkar edə bilmərik. Ona görə də hökumətin fəal rejimdə çalışması bizim üçün önəmlidir. Seçkilərdə də ən önəmli bir şüarla çıxış edirdim. İdeyalarınız qalib gəlsin. Onu kim həyata keçirirsə, keçirsin. Önəmli odur ki, bu işlər vətəndaşların həyatı naminə gerçəkləşsin. Bu dövr ərzində bir zərrə rüşvətə bulaşmadan, vətəndaşım üçün ən yüksək mənəvi təmizlik halı ilə, Bərdə şəhərində bir supermarket, benzin doldurma məntəqəsi və s. obyekt yaratmadan fəaliyyət göstərmişəm. Bu bir çoxları üçün təəccüblü görünür. Biz bir neçə millət vəkilini parlamentdə “qara fəhlələr” hesab edirik. Görünür biz həmin komandanın içərisində olmuşuq.

- Mətbuatda tez-tez sizin siyasi partiya yaradacağınız haqda məlumatlar yayılırdı. Bu məsələ nə yerdə qaldı?

- Partiya quruculuğu planlarım yoxdur. İstər vəzifə, istərsə də siyasi həyat, partiya işi və s. bütün bunlar dövlət başçısının kompetensiyasında olan məsələdir. Hər halda üsusi iddialarla yaşamıram. Hesab edirəm ki, bu gün ölkəmizdə kifayət qədər savadlı gənclər var. Çox arzu edirəm ki, onlarlayiqli iş yerləri tapsınlar,daha əvəzində Rusiyada olduğu kimi 80 faiz insan öz ixtisasından kənar çalışmağa məhkum qalmasın. Bilirsiz bu nə qədər zərbə vurur ölkəyə?

İndi dövlət qəbuluna gedən yol mürəkkəb və çətin olduğundan 45 min imtahan verənin 41 mini “kəsilirsə” deməli filtrasiya aparan qurumun özü problemlidir.

“Yaxın qohumlarıma da biznes qurmalarında mane olmuşam”

- Mətbuatdan da izlədiyimiz kimi, bəzi deputat həmkarlarınızın parlament fəaliyyəti ilə yanaşı özəl biznesləri və mövcuddur. Bəs, sizin necə biznesiniz varmı? Yoxsa deputat maaşınızla dolanırsınız?

- Xeyr, heç vaxt biznesim olmayıb və bu gün də yoxdur. Şükür olsun ki, həyatımızı, yaşayımızı həyat çevrəmizi hansı dairədə ve necə qurmağımızı müəyyənləşdirmişik. Obrazlı desək,”yol xəritəmiz”i çoxdan cızmışıq. Ona görə səhm paketim yoxdur, yaxud qaçqının, köçkünün adına rəsmiləşdirilmiş obyektlərə də sahib deyiləm.

Bərdənin sağa-sola bütün torpaq özəlləşməsi gözümün qabağında keçib. Yüzlərlə, bəzən daha çox sayda insanın hansısa bir obyektə və ya yerə, yurda, torpağa sahib olmasına yardımçılıq etmişik. Ancaq heç zaman düşünməmişəm ki, orada mülkümüz, plantasiyamız olsun. Mən orada yaşayan yaxın qohumlarıma da mane olmuşam. Baxmayaraq ki, onlar daha mötədil və könlü tox adamlardır. Əlbəttə,deputata tələbkar bir münasibət var və birisi bazarda çətinlikdə üzləşəndə, istədiyini tapmayanda, qonşusu ilə savaşanda deyir, vəkilim hara baxır? Bəlkə də Milli Məclis üzvü normal yerə baxır, normal işə baxır, məsələlərin həlli üçün addımlar atır, amma hamının ehtiyaclarını da ödəmək olmur.

Ona görə də mən biznesdən tamamilə kənardayam və bunu təmizlik nümunəsi, fəxarət üçün demirəm. Əksinə bu cür danışanda həmkarlarımdan biri – dəyər verdiyim bir insan deyir ki, bununla öyünmək yaxşı hal deyil.



- Yəni deputatlıq maaşı ilə dolana bilirsinizmi? Bu məbləğ sizə və ailənizə bəs edirmi?

- Yetir. Şübhəsiz ki, biz əlçatan olduğumuz üçün həmişə müxtəlif tədbirlərə dəvət alırıq, yəni o vəsait yüklüdür, təyinatı əvvəldən bəllidir. Ayın axırında alınan vəsaitlər hara gedəcəyini əvvəlcədən müəyyənləşdirir. Necə deyirlər, pul çətinliyi sevmir, amma özünə həmişə yer tapır. Bu doğrudur. Yəni, bu dövr ərzində də ona uyğun planlaşdırmışıq. Ailə və həyat tərzimiz kifayət qədər sadədir. Əlahiddə olaraq, bu gün Kanar adaları, sabah başqa mərkəzlərdə istirahət edib, böyük kruzlərdə bulunmuruq. İki övladım da, özümüz də elə bir forma seçmişik ki, o vəsaitlərlə yaşayaq. Ona görə də tam səmimiyyətlə söyləyirəm ki, şəxsi biznesim yoxdur.

“Əgər deputat sözünü demədən yatırsa, bu çox pisdir”.

- Zahid müəllim, Milli Məclisin plenar iclaslarında həmişə görürük ki, spiker Oqtay Əsədovla aranızda mübahisələr yaranır, söz atışmalarınız olur. Sizcə buna səbəb nədir?

- Bu əslində normal parlament həyatıdır. Amma daha çox mübahisələr bizimlə yaşandığı üçün medianın fokus nöqtəsinə tez-tez düşürük. Əslində istənilən ölkənin parlamentində bu cür hallar yaşanır və qeyri-adi sayılmır. Ona görə açıq deyim, sırf dövlətçi düşüncədən öz mövqelərimi sərbəst şəkildə ortaya qoyuram. Əgər bu kimlərsə tərəfindən fərqli qarşılanırsa, ona da mən normal yanaşıram. Amma bu heç bir halda insani münasibətlərə təsir göstərmir. Tribunadan kənara çıxanda və yaxud həmin iclas gedə-gedə sizin də müşayiət etdiyiniz foyeyə keçəndə insani əlaqələrimizi saxlayırıq. Və bu gündə heç bir kinlə-küdurətlə yaşamırıq. Oqtay müəllimlə aramızda qərəzə dayanan hər hansı bir konfliktim yoxdur. Lakin açıq deməliyəm ki, bütün hallarda biz sükut keçirən, fəaliyyətini yalnız onlara uyğunlaşdıran adam da olası deyilik. Ona görə də əgər bizim aktivliyimiz hiper səviyyədə görünürsə və biz fəal şəkildə öz mövqeyimizi ortaya qoyuruqsa, bu da müxtəlif reaksiyalar doğurursa, bu qəti şəkildə məni narahat etmir. Bundan sonrakı dövrdə də, nə qədərki parlament mandatı bizə imkan verir, biz o çərçivədə işlərimizi görəcəyik. Düşünürəm ki, o diskussiyaların, debatların bu millətə xeyri olub. Mən hansı məsələdə, özüm üçün – Zahid Oruc üçün xüsusi güzəşt tələb etmişəm ki? Mən həmişə ictimai məsələni gündəmə gətirmək istəmişəm. Bir dəfə demişdim ki, mən sözümü deməsəm yata bilmərəm. Əgər həqiqətən də parlament üzvü çox rahatlıqla sözünü demədən yatırsa, bu çox pisdir. İstər Məclisdə istərsə də evində.Real olaraq yatmamalıdır. Təsəvvür edin ki, biz sükut edən çoxluğun üzvüyük. O zaman heç o dediyiniz toqquşmalar da olmayacaq.

- Həmkarlarınız arasında dostlarınız varmı? Kimlərlə yaxın münasibətdəsiniz?

- Dostluq anlayışına münasibət həddindən artıq mücərrəddir. Çoxları deyir ki, həyat problemlərinin hamısını bölüşdüyünü, içişlərinin də paylaşdığı insanların dairəsini özünə yaxın sayır. Ancaq ideya səviyyəsində dəyər verdiyimiz insanlar var. Müxtəlif siyasi polemikalarımızı, həyat məsələlərimizi həmin insanlarla bölüşə bilirik. Və nə yaxşı ki, o insanlar var. Bunu fikir, ideya prosesi də saymaq olar. Düşünürəm ki, o insanlar fəaliyyətimizə ruh verənlərdir. Onlarla müəyyən yerlərdə görüşürük. Belə insanları bu dövr ərzində parlamentdə qazanmışıq. Onlar da məni dost kimi görürlər. Amma adlarını çəkmək istəmirəm. Hər halda 10-a qədər insanı saya bilərəm.

- Zahid müəllim, indiyə qədər hansı qanunvericilik təşəbbüsləriniz olub?

- Bilirsiniz ki, parlamentin sessiyası başlayan gün deputatlar təşəbbüslə çıxış edir. Əgər steneoqramı qaldırsaq, görərsiniz ki, mən onlarla qanun layihəsin təşəbbüskarı kimi çıxış etmişəm.Yaxud mövcud qanunların dəyişdirilməsinə vəsilə ola biləcək məsələlər qaldırmışam. Açıq deməliyəm ki, xaricdə muzdlu kimi döyüşənlərin terrorçu kimi tanınması məsələsini parlamentdə mən qaldırmışam. Və çox müsbət haldır ki, sonradan bu məsələ öz həllini tapdı. O cümlədən magistrlara möhlət hüququ verilməsi məsələsini də parlamentdə ilk olaraq mən gündəmə gətirmişdim. Artıq bu “Elm haqqında” qanuna daxil edilib.

Amma açığını deyim, növbəsini gözləyən çoxlu sənədlər var. Xocalı soyqırımını tanımayanlara qarşı cəza qanunu – “Soyqırım” haqqında qanunu hazırlayıb təqdim etdim. O cümlədən, İşğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin vacibliyi hər zaman jurnalistlər tərəfindən sual şəklində bizə yönəlir. Niyə Qarabağda iş quran bir Hindistan kompaniyasının sadəcə “qara siyahı”ya salmaqla kifayətlənirik? Biz ermənilərlə iş quran, birisi gün ticarət edən şəxsə hansı qanunla cəza verəcəyik? Elə bir sənəd varmı? Yoxdur. Bunlarla bağlı təşəbbüslərimiz olub. Lobbiçiliklə bağlı, Aərbaycan müəllimi ilə bağlı sənədlər də növbəsini gözləyir. Mən yüzlərlə təkliflərimi deyə bilərəm. Sevinirəm ki, toxunduğum məsələlər əsk-səda doğurur.

- Bəzi deputatlar var ki, Milli Məclisin plenar iclaslarına demək olar ki, çox az gəlirlər. İştirak etmirlər. Bu cür hallara qarşı hər hansı bir tədbir görülürmü?

- Daxili nizamnaməyə görə, deputatlar bir ay ardıcıl iclaslara gəlmədikdə yazılı məlumat təqdim etməlidir. Amma söhbət təkcə iclaslarin işində iştirakdan deyil,ümumiyyətlə Milli Məclisdən kənar düşməkdən gedir. Ona görə də sözün düzü bu sual üzərində heç düşünməmişəm ki, ardıcıl olaraq iclaslardakim iştirak edir, kim yox. Məncə Milli Məclisin bu problemi iclasa gəlib-gəlməməklə də müəyyənləşmir. Ən önəmli məsələ deputat kimi çalışmaqdır, xalqın iradəsinə uyğun davranmaqdır, insanların tələbələri üçün işləməkdir. Yoxsa kreslonu əti ilə qanı ilə doldurmaq, zahiri görkəmi ilə hansısa bir ad qazanmaq, mandatı və ya nişanı ilə fərqlənmək məncə millət vəkili adını özündə təmsil etmir. Yeri gəlmişkən, deputat sözünün tam əleyhinəyəm, düşünürəm ki, bu millət vəkili kimi olmalıdır. Həm də mən parlamentin də adının Millət Məclisi adlandırılmasını istəyirəm.

“Arif Rəhimzadəni heç bir halda parlamentdən kənarda təsəvvür etmirəm”

- Bir çoxları qeyd edir ki, parlamentdəki deputatların əksəriyyəti yaşlılardır. Gəncləşmə siyasəti aparılmalıdır. Siz buna necə baxırsınız?

- Ötən 10 il ərzində ölkədə kifayət qədər gənclərə meydan verilib, müxtəlif strukturlarda onların fəaliyyətini müşahidə edirik. Eyni zamanda son bələdiyyə seçkilərində də hakim partiya gənclərə böyük önəm vermişdi. Ancaq gənc var ki, o qocadan daha yaşlıdır. Ona görə də bəlkə də yaş kateqoriyasından düşünməkdən biraz uzağam. Parlamentdə ahıl çağında olan bəzi həmkarlarımız var ki, işi, professionallığı, vətəndaşa münasibəti, qanunvericilik təşəbbüsü daha böyükdür. İndi bir çoxlarının o kateqoriyada düşündüyü Arif Rəhimzadəni heç bir halda parlamentdən kənarda təsəvvür etmirəm. O insan alicənabdır, qabiliyyətlidir, vətəncanlıdır. İndi bu insanı yaşlıdır deyə kənara qoymaq necə olar? Bu mənada yaşlı, ya cavan olması əsas deyil, önəmli olan özünü həsr etməsidir, işləməsi, ləyaqətlə çalışmasıdır. Bu halda o daha yaxşı deputat olacaq. Sizə inandırım ki, başqa cür adamı qəbul etmirlər.

Doğrudur, parlament üzvlərinin gəncləşməsinə yalnız alqış deyə bilərəm, bir çoxları da hətta düşünür ki, bu nəsillərarası davadır. Cəbhə hakimiyyəti zamanı gənclər dövlətin idarəçiliyinə daşındı, lakin o iflasa uğrayandan sonra, cəmiyyətdə də xeyli şübhə və inamsızlıq meydana çıxdı. Zatən Azərbaycan prezidenti gənc bir insandır, onun övladları gənc olaraq Azərbaycan dövləti və millət adına ciddi işlər həyata keçirtməkdədir. Təki hamı belə etsin. Biz demirik ki, Heydər Əliyevçiyik. Heydər Əliyev bu millətə ən aktiv şəkildə fəaliyyət həyata keçirən böyük bir şəxsiyyət olub. Gənclər fəaliyyətləri baxımından Heydər Əliyevi özlərinə nümunə götürərək ona oxşasınlar. Gənci də, orta yaşlısı da, elə ahıl çağında olanı da. Bu halda heç kim deməyəcək ki, filankəsin yaşı niyə 72-dir.

- Sonuncu olaraq hesabat baxımından, millət vəkili olduğunuz dövrləri necə qiymətləndirirsiniz? Ümumiyyətlə, gələcək işləriniz üçün hansı planlarınız var?

- Planlarım həddən artıq çoxdur. Düzdür, deyirlər ki, Allaha güldürmək üçün ona planlarından danış. Millətim adına xeyli düşüncələrim var. Allahım adına can borcum var, prezidentə əqidə borcum, yaşlı anama övladlıq borcum var, övladım üzərində valideynlik borcum var və siyasət və millət qarşısında xidmət borcum var.

Biz ilk növbədə vətənimiz adına, millətimiz adına sülh əminəmanlıq arzulayırıq. Biz nə qədər başqasını qaldıracağıq, o qədər də özümüz yükələcəyik, nə qədərki bir-birimizi endirəcəyik, o qədər də enəcəyik. Çünki mən hələ dünyada elə bir millət tanımıram ki, bir-birini məhv edərək ucalsın. Başqalarının uğur mənbəyinə çevriləndə, insanın gərəkliyi meydana çıxır və o bir ailənin sərəncamından çıxıb da millətin övladına çevrilir!.

Anar Kəlbiyev
Sevinc İltifatqızı

Fotoqraf: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti