İlham Əliyev krala başsağlığı verdi

İlham Əliyev krala başsağlığı verdi
  23 Yanvar 2015    Oxunub:2636
Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

Əlahəzrət,

Əziz Qardaşım,

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanının tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olmuşdur.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:  





Xəbər lenti