MTRŞ-dan əkizlərə görə “Xəzər”-ə sərt SÖZLƏR

MTRŞ-dan əkizlərə görə “Xəzər”-ə sərt SÖZLƏR
  23 Yanvar 2015    Oxunub:5549
Milli Televiziya və Radio Şurası Xəzər televiziyasına xəbərdarlıq edəcək.
Bu barədə AzVision.az–a MTRŞ-ın mətbuat xidmətinin rəhbəri Toğrul Məmmədov məlumat verib. O, bildirib ki, Konstitusiyanın tələbinə uyğun olaraq dövlət rəmzlərinə hörmətsizlik Cinayət Məcəlləsində cinayət məsuliyyəti kimi nəzərdə tutulub:

“Amma müğənnilərin etdikləri hərəkətlər dövlət valyutasına hörmətsizlikdir. Bu da onların milli dəyər problemini ortaya qoyur”.

MTRŞ sözçüsü onu da bildirdi ki, məsələ ilə bağlı rəsmi şəkildə Xəzər televiziyasına irad tutulacaq:

“Təbii ki, Milli Televiziya və Radio Şurası televiziyaya irad tutacaq. Milli dəyərində problem olan insanların, tamaşaçıda qıcıq yaradan şəxslərin efirə buraxılmasına baxılacaq ”-deyə Toğrul Məmmədov bildirib.

Qeyd edək ki, bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verliş başlar-başlamaz verilişin aparıcıları olan Sevil-Sevinc bacılarından biri kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.




Gültəkin ƏLƏSGƏR
AzVision.az




Teqlər:  



Xəbər lenti