“AzerGold” niyə yaradıldı?

“AzerGold” niyə yaradıldı?
  12 Fevral 2015    Oxunub:6286
“Bu sahə tək qızılı deyil, eyni zamanda əlvan metal istehsalının artırılmasında yeni texnologiyanın tətbiqinə nail olacaq”.
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, hazırda Azərbaycan qızıl istehsalını həyata keçirir və praktiki olaraq qızıl istehsalını illik 20 faizə yaxın artırmaq imkanına malikdir:

“Qızıl istehsalı artır və Azərbaycan istehsal etdiyi qızılı eyni zamanda yığım vasitəsi kimi istifadə edir. Azərbaycanın yerli qızıl istehsalının artırılması üçün artıq yeni innovasiyanın və texnologiyanın bu sənayedə tətbiq olunması qaçılmazdır. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması da birmənalı şəkildə yerli istehsalı inkişaf etdirməkdir. Yerli istehsalı inkişaf etdirməklə zərgərlik üçün lazım olan xammalın ödənilməsinə nail olmaq olar. Eyni zamanda bununla qızıl ehtiyatlarının bir hissəsini yerli istehsal hesabına formalaşdırmaq deməkdir”.

İqtisadçı bildirib ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması yalnız qızıl istehsalının artırılmasına gətirib çıxarmayacaq, digər sahələrə də öz təsirini göstərəcək:

““AzerGold” QSC-nin yaradılması qızıl istehsalında ətraf mühitlə bağlı standartların gözlənilməsinə köməklik edəcək. Bu baxımdan ətraf mühitlə bağlı standartların gözlənilməsində ciddi irəliləyiş olacaq. Çünki formalaşdırılacaq “AzerGold” QSC-nin əsas məqsədi yeni texnologiyanın tətbiq edilməsidir. Yeni texnologiyanın tətbiqi ilə ətraf mühiti çirkləndirmədən qızıl istehsalını həyata keçirmək mümkün olacaq. O baxımdan bu cür qurumun yaradılması mütərəqqi bir addımdır. Bu birmənalı şəkildə ətraf mühitlə bağlı standartlar gözlənilməklə Azərbaycanda yerli istehsalın artırılmasına imkan verəcək”.

Xatırladaq ki, ötən gün ölkə başçısı İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Səhmləri dövlətə məxsus olan “AzerGold” QSC (bundan sonra - Cəmiyyət) yaradılır. Müəyyən edilib ki, cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti