Xocalı soyqırımı Texasda anıldı

Xocalı soyqırımı Texasda anıldı
  19 Fevral 2015    Oxunub:1768
ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasının plenar iclası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib.
Nümayəndələr Palatasının üzvləri Rafael Ançiya və Mira Kraunoverin Azərbaycanın Dostları Assambleyası (AFAZ) ilə birgə təşkil etdikləri tədbirdə Texas ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri, ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Rafael Ançiya Azərbaycanın ABŞ-ın çox önəmli müttəfiqi olduğunu, ölkəmizin Birləşmiş Ştatlara və NATO-ya İraqda, Əfqanıstanda və Balkanlarda vacib dəstək, həmçinin regionun enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini söyləyib.

O, Xocalı qətliamından danışaraq, bu kimi faciələrin heç zaman unudulmamalı olduğunu və Azərbaycan ərazisinin bir hissəsinin indiyədək işğal altında qaldığını bildirib. R.Ançiya dövlət katibi Con Kerrinin fikirlərindən sitat gətirərək Azərbaycanın tolerantlığa, plüralizmə sadiqliyini qeyd edib və bu prinsiplər üzrə regionda nümunə olduğunu söyləyib.

Nümayəndələr Palatasının üzvü və komitə sədri Cozef Deşotel Azərbaycana səfər etdiyini xatırladıb, ölkəmizdən olduqca xoş təəssüratlarla qayıtdığını deyib. O, həmkarlarını da ABŞ-ın dostu olan Azərbaycana səfər etməyə çağırıb.

Yerli demokratların ən fəal nümayəndələrindən olan Roberto Alonso bildirib ki, Xocalı qətliamı kimi faciələr hər zaman xatırlanmalıdır və məhz buna görə də biz bu dəhşətli faciənin qurbanlarının xatirəsini anmaq üçün buraya yığışmışıq. O, regionda yalnız üç ölkə - Azərbaycan, İsrail və Türkiyənin ABŞ-ın dostu olduğunu bilməyin zəruriliyini qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov tədbirdə çıxış edərək Xocalı qətliamının hər bir azərbaycanlının qəlbində sızlayan yara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və qara səhifəsi olduğunu deyib. O, Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qadın, uşaq və qocalara fərq qoyulmadan şəhərin yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirildiyini bildirib. Diplomat Texasın Xocalı qətliamını rəsmən tanıyan ştatlar sırasında olmasına görə təşəkkürünü bildirib və bu tədbirdə çoxsaylı Texas rəsmilərinin iştirakının önəmini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həll olunması məqsədilə səylərin artırılmasının vacibliyini qeyd edib.

M.Talıbov Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji xarakter daşıdığını söyləyib. O, Azərbaycanın terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə ABŞ üçün önəmini qeyd edib, bu kontekstdə Cənub qaz dəhlizinin prioritet layihə olduğunu qeyd edib.

Diplomat Xocalı qətliamı ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanata görə Texas ştatı Nümayəndələr Palatasının üzvü Cin Vuya təşəkkürünü bildirib.

Xatırladaq ki, Texas Xocalı qətliamını Nümayəndələr Palatası səviyyəsində tanımış birinci ABŞ ştatıdır. 2011-ci il martın 3-də Xocalı qətliamı ilə bağlı HR535 nömrəli qətnamə Texas ştatının Nümayəndələr Palatasında səsverməyə qoyularaq qəbul edilib.


Teqlər:





Xəbər lenti