Xəzərin küləyindən pul qazanacağıq

Xəzərin küləyindən pul qazanacağıq
  20 Fevral 2015    Oxunub:3175
Azərbaycan Xəzər Dənizindəki küləyin gücündən elektrik enerjisi istehsal etməyi və digər ölkələrə satmağı planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov açıqlama verib.

Onun sözlərinə görə, Xəzər dənizi 10 minlərlə meqavat gücündə külək enerjisi potensialına malikdir və bunu qiymətləndirmək üçün stansiyalar quraşdırılacaq.

Layihə üçün böyük investisiyalar lazım olduğunu deyən Bədəlov qeyd edib ki, İran, Qazaxıstan, Rusiya və alman, türk şirkətlərinin də iştirakı ilə konsorsium yaradılacaq.

“İlkin mərhələdə min meqavatlıq bir stansiya qurulacaq. Azərbaycan olaraq layihənin 200 meqavatlıq hissəsinin texniki şərtləri hazır olmaq üzrədir. Hədəfimiz təbii qaz və neft ixrac etdiyimiz kimi, elektik enerjisi də ixrac etməkdir. İstehsal olunacaq elektrik Gürcüstan üzərindən Türkiyə və Avropaya, İran üzərindən isə Pakistan və Əfqanistana ixrac olunacaq. Böyük investisiyalar lazım olsa da, qısa müddətdə həmin vəsait geri dönəcək. Artıq işçi qrupları yaradılıb və onlar bu məsələnin üzərində işləyirlər.”

Bu məsələdə prezident İlham Əliyevin tapşırığı və dəstəyinin olduğu deyən Akim Bədəlov qeyd edib ki, Qobustanda külək, günəş və bioqaz qaynaqlarının istifadə edildiyi poliqon və hibrit stansiyası qurulub:

“Azərbaycandakı elektrik enerjisinin təxminən yüzdə 7%-i akternativ enerji qaynaqları tərəfindən ödənir. 2020-ci ilə qədər bu rəqəmi 20%-ə qaldıracağıq. Bu da günəş və külək enerjisi sayəsində olacaq”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti