Azərbaycan İtaliyaya tanıdılır - FOTOLAR
Universitetin Humanitar elmlər fakültəsinin dekanı Franko Salvatore konfransı açaraq son illər İtaliyada Azərbaycan ilə bağlı müxtəlif mövzularda layihələrin həyata keçirilməsinin ölkəmizi daha yaxından tanımağa imkan yaratdığını və iki dövlət arasında əlaqələrin inkişafına yol açdığını bildirib.
Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, Azərbaycan ərazi baxımından kiçik dövlət olsa da, Cənubi Qafqazda çox vacib rol oynayır. Cəmi 24 illik bir müstəqillik tarixinə malik olan Azərbaycan bu qısa zaman kəsiyində etibarlı hökumət qura və mütərəqqi inkişaf yolu tuta bilib: “Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan müxtəlif dinlər və milli köklərə malik xalqların əsrlər boyu vahid ailə kimi yaşadığı multikultural bir cəmiyyətdir. Çoxları Azərbaycanın dünyada milli və dini tolerantlıq nümunəsi ola biləcəyinə inanır.
Bildiyiniz kimi, Azərbaycanın siyasi, iqtisadi eləcə də digər mühüm sahələrdə Avropa İttifaqı ilə yaxın və çox yaxşı qonşuluq əlaqələrinə malikdir. Biz Aİ-ə strateji tərəfdaş kimi baxırıq və aramızda imzalanmış çoxsaylı sənədlər Azərbaycanın mövcud ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunun bariz göstəricisidir”.
Şura sədri vurğulayıb ki, xüsusilə İtaliya ilə Azərbaycanın güclü siyasi, iqtisadi və mədəni əlaqələri var: “Bu gün Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır və bəzi əsas enerji layihələrimiz İtaliya vasitəsilə reallaşdırılır. Ölkələrimiz arasındakı mədəni əlaqələr hətta Azərbaycanın müstəqilliyinin bərpasından uzun illər əvvəllərə təsadüf edir. Hələ Sovet dövründə,1972-ci ildə İtaliyanın Neapol və Azərbaycanın paytaxtı Bakı şəhərləri qardaşlaşmış şəhərlər elan edilmişdi. Bu isə öz növbəsində iki ölkə arasındakı mədəni əlaqələrin göstəricisidir. Azərbaycan eyni zamanda Vatikan ilə də yaxşı əlaqələrə malikdir. Artıq bir əsrdən çox müddətdir ki, Azərbaycanda Roma katolik Kilsəsi fəaliyyət göstərir. 2002-ci ildə Roma Papası II Con Pol Azərbaycanda səfərdə olmuş və o vaxtdan iki ölkə arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub”.
Millət vəkili bildirib ki, Azərbaycan torpaqlarının 20%-i uzun illərdi ki, qonşu Ermənistan tərəfindən işğala məruz qalıb. Çoxsaylı beynəlxalq qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı qətnamələri hələ də yerinə yetirilməmiş olaraq qalır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biridir. Bu münaqişə nəticəsində yüz minlərlə insanın həyatı zərbə alıb və məcburi köçkün və qaçqın həyatı yaşamağa vadar edilib. Azərbaycan hökuməti bu təsirə məruz qalmış insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də, onların əsas problemi, yəni doğma yurd-yuvalarına qayıdışı və əvvəlki həyatlarını bərpa etməsi hələ də əlçatmaz olaraq qalır. Yeri gəlmişkən, 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsini yüksək dəyərləndiririk”.
Şura sədri qeyd edib ki, bu günlərdə biz Azərbaycanın Dağlıq Qarabağ regionunda fevralın 25-dən 26-a keçən gecə Erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımının 23-cü il dönümünü qeyd edirik. Həmin gecə törədilən qanlı qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır şəkildə yaralanmış və çoxlu sayda həmvətənimiz itkin düşmüşdür. Faciənin törədildiyi o gecə əbədi olaraq yaddaşımızda və qəlbimizdə yaşayacaqdır. Çox təəssüf ki, bu soyqırımı törədən şəxslər etdikləri əmələ görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almamışdır, əksinə bu gün Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar.
- Mən, sizi bu faciəni törədən şəxslərin cəzalandırılmasına və Xocalı ilə bağlı ədalətə nail olmaqda Azərbaycana dəstək verməyə çağırıram. Bu faciənin dünyada tanıdılması istiqamətində müvafiq səylərin artırılması bu məqsədə çatmaq baxımından mühüm əhəmiyyət kəsb edir,- deyə Azay Quliyev vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və münasibətlərimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə getdikcə inkişaf etdiyini deyib. A. Kərimli bildirib ki, dinlərarası toqquşmaların artdığı müasir dövrdə önəmli dəyərlərdən biri də multikulturalizmdir. Azərbaycan və İtaliya QHT-lərinin birgə reallaşdırdıqları tədbirlər mutikulturalizmin dünyada alternativi olmadığını bir daha nümayiş etdirir. Bu baxımdan model ölkə sayılan Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar.
Sonra Şuranın dəstəyi ilə yaradılmış “Sirli Azərbaycan” web-portalının təqdimatı keçirilib. Portal ilə bağlı məlumat verən İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqrande italyan dilində Azərbaycanla bağlı bu cür saytın yaradılmasını yüksək qiymətləndirdiyini və onun italiyalıların ölkəmiz haqqında müfəssəl məlumat əldə etmələri üçün əvəzsiz vasitə olacağını qeyd edib.
Xanım Paola Kasaqrande gələcəkdə portalın digər Avropa dillərində də fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu bildirib.
Tədbirdə çıxış edən universitetin professoru Covanni Miele medianın ölkəmiz ilə bağlı həqiqətləri yaymaq və onun təbliği istiqamətində effektiv bir alət olduğunu deyib. O, qeyd edib ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı, füsunkar təbiəti, mədəniyyəti, adət-ənənələri beynəlxalq medianın diqqət mərkəzindədir. Təqdim olunan portal və digər bu kimi vasitələr ölkələrimiz arasındakı əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra tədbir “Azərbaycan ilə tanışlıq” mövzusunda sessiya ilə davam etdirilib.
Konfransda xanım Paolo Kasaqrande Azərbaycanın coğrafiyası, əhalisi, mədəniyyəti, adət-ənənələri və siyasi sistemi ilə bağlı təqdimatla çıxış edib. O, Azərbaycan folkloru, aşıq sənəti, ədəbiyyatı, muğamı, xalçaları və bir çox digər mədəni zənginliklərini ölkəmizin bəşəriyyətə bəxş etdiyi töhfələr olduğunu vurğulayıb.
Növbəti panel iclasda çıxış edən İtaliyadakı Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri Fernando Orlandi qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəqəmsal arxivini təqdim edib. Bildirib ki, arxivdə 1988-ci ildən 2014-cü ilədək münaqişə ilə bağlı minlərlə məqalə və materiallar toplanıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev çıxışında Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktlara, münaqişənin yaranma səbəbləri və nəticələrinə toxunub. Doğulub böyüdüyü Ağdam şəhərinin hazırda işğal altında olduğunu deyən Bəxtiyar Əliyev qeyd edib ki, konflikt 1988-ci ildə deyil, 1987-ci ildə azərbaycanlıların Ermənistanın Qafan rayonundan qovulmasından sonra başlayıb.
Millət vəkili BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul etdiyini, lakin onlara hələ də əməl olunmadığını bildirib. Beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, bu münaqişə Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları həcmində ziyan vurub.
Konfransda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Umberto Qriscioli “Tarix – ilk yaşayış məskənlərindən sovet dönəminədək” və “Multikulturalizm və dini birgəyaşayış dəyərləri”, Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun tədqiqatçısı Matteo Verda “Müasir Azərbaycanın iqtisadi inkişafı” mövzularında məruzə ilə çıxış ediblər.
Konfransın sonunda “Azərbaycan: dini tolerantlıq modeli” sənədli filmi nümayiş etdirilib və məruzəçilərin çıxışlarının italyan dilində kitab şəklində çap olunması barədə qərar qəbul edilib.
Teqlər: