Nemtsovu kim öldürdü? - Versiyalar

Nemtsovu kim öldürdü? - Versiyalar
  28 Fevral 2015    Oxunub:5286
Rusiyanın müxalifət liderindən olan tanınmış siyasətçi Boris Nemtsov bu gecə Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Nemtsovun qətlindən sonra dünyanın diqqəti Rusiya və prezident Vladimir Putinə yönəlib.

Putinə qarşı radikal mövqe ilə seçilən Nemtsovun ölümününü kimlər tərəfindən və hansı səbəbdən törədilməsi müəmmalı olaraq qalır. Dəhləştli qətllə bağlı bir sıra versiyalar səsləndirilir. Bəziləri bu qətlin arxasında Qərb dairələrinin dayandığını düşünür. İddia edilir ki, Qərb silsilə sanksiyalardan sonra müxalifət liderinin qətli ilə Rusiyada xalqı hazırki hakimiyyətə qarşı qaldırmağa çalışır. Qətlin sifarişli olduğu şübhəsizdir. Qərbyönümlü ekspertər isə Nemtsovun qətlində Putin hakimiyyətini ittiham edirlər. Versiyalara görə, Rusiya iqtidari bu addımla ən güclü rəqibini sıradan çıxarmaq istəyib. İddialar müxtəlif olsa da qətlin ilkin təfərrüatları gizli olaraq qalır.

Nemtsovun qətlində kim maraqlıdır: Qərb, yoxsa Rusiya?

AzVision.az dünyanı dəhşətə salan qətllə bağlı politoloq və sabiq nazir müavinindən münasibət öyrənib.

Politoloq Qabil Hüseynlinin fikrincə, Nemtsovun düşməni, onu öldürə biləcək qüvvə uzun illərdir mübarizə apardığı Rusiyanın hazırki iqtidarı ola bilər, amma bu qətlin digər dairələr tərəfindən məqsədli şəkildə törədilməsini də istisna edilmir.

“O, uzun illər idi ki, Rusiya hakimiyyəti ilə təkbətək mübarizə aparırdı. Nemtsov Putinin bütün nöqsanlarını tənqid edirdi. O Putinə qarşı radikal mövqeyi ilə seçilən siyasətçi idi. Onun bu cür - küçənin ortasında öldürülməsi məncə, Rusiya ictimai fikrinə, rus xalqına meydan oxumaq deməkdir. Rusiyada azadlıq sevən, bu yolda mübarizə aparan böyük insanlar çox olub. Onlar canı ilə, qanı ilə Rusiyanın özbaşınalıqdan mədəni ölkə səviyyəsinə gəlib çatması üçün çoxlu qurbanlar veriblər. Bu böyük insanı demokratiya uğrunda və Rusiyadakı özbaşına hakimiyyətə qarşı mübarizədə şəhid olmuş mübarizlərdən biri kimi dəyərləndirirəm və onun əziz xatirəsi önündə baş əyirəm”.

Q.Hüseynli hesab edir ki, məhz belə bir ölüm Putindən bütün şübhələri uzaqlaşdırır: “Kimin öldürülməsindən asılı olmayaraq vətəndaşını qoruya bilməyən hakimiyyət məsuliyyət daşıyır. Boris Nemtsovun belə bir şəraitdə öldürülməssi təsadüfi hadisə deyil, mütəşəkkil təşkil olunmuş cinayətdir”.

Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər isə hesab edir ki, Boris Nemtsovun məhz sabaha planlaşdırılan mitinq ərəfəsində öldürülməsi təsadüfi deyil: “Boris NemtsovVladimir Putinə qarşı çıxan əsas müxalifətçilərdən idi. Nəzərə almaq lazımdır ki, sabah etiraz mitinqləri keçirilməsi nəzərdə tutulmuşdu. Onun Kremlin yaxınlığında güllələnməsi diqqətə alınası məqamdır. Buna görə də gözlər ilk növbədə Putinə tikiləcək. Putin də hakimiyyətdə olduğu dövrdə bu qətlin sifarişçisinin ortaya çıxarılacağını gözləmək sadəlövhlük olardı”.

Hadisənin Rusiya ictimai rəyinə təsirinə gəlincə isə S.Əkbər bildirib ki, bunun üçün də gözləmək lazımdır:

“Mənə elə gəlir ki, ciddi təsirləri olacaq. Amma Rusiya ictimai rəyində Putininə yüksək inamı, etibarı, eyni zamanda Rusiya cəmiyyətinin Kremlin təbliğatı altında olduğunu nəzərə almaq lazımdır. Ona görə də bir qədər gözləmək lazımdır ki, görək sabah hansı reaksiya olacaq. Mitinq baş tutacaqmı? Rusiya ictiamiyyəti mitinqə nə dərəcədə qoşulacaq, prosesə necə reaksiya verəcək? Belə böyük hadisələr baş verəndə bütün versiyalar araşdırılır”.

Qeyd edək ki, Nemtsovun qətli ilə bağlı dünyanın bir sıra liderləri reaksiya verib. ABŞ prezidenti Barak Obama müxalifətçi Boris Nemtsovun "qəddar şəkildə" qətlə yetirilməsini ciddi pisləyib.

"Biz Rusiyanı tez, qərəzsiz və şəffaf istintaq aparmağa və günahkarları ədalət qarşısına çıxarmağa çağırırıq", - deyə ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatında bildirilib.

Rusiya prezidenti Vladimir Putin də mərhumun ailəsinə başsağlığı verib, ölkənin istintaq komitəsinin, DİN və FTX rəhbərlərinə istintaqı şəxsi nəzarət altında saxlamağı tapşırıb.

Putin Həm də bildirib ki, Nemtsovun qətlə yetirilməsi "siyasi provokasiyadır".

Hazırda qətllə bağlı araşdırma aparılır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti