Mərkəzi Bankdan banklara məktub

Mərkəzi Bankdan banklara məktub
  07 Mart 2015    Oxunub:2869
Ölkədə fəaliyyət göstərən bankların valyuta riskləri arta bilər.

Məlumata görə, Mərkəzi Bankın (AMB) müvəkkil banklara göndərdiyi məktubdan belə bir qənaətə gəlmək olar.

AMB-nin banklara göndərdiyi məktubda qeyd edilir ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.

Mütəxəssis Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bank artıq valyuta risklərini tənzimləməyə qadir deyil. Deməli, qiymətlərin sabitliyininin təmin edilməsinə nail ola bilməyən Mərkəzi Bank manatın və bank sisteminin gələcək taleyinə görə məsuliyyəti 1 il müddətinə təxirə salır.

Bundan sonra bankların maliyyə risklərinə AMB nəzarət etməyəcək. Yəni Mərkəzi Bank bankların maliyyə ilə bağlı addımlarına qarışmayacaq.

Qeyd edək ki, açıq valyuta mövqeyi hər hansı valyutada tələblərin və öhdəliklərin fərqidir. Məsələn, bankın avroda borcu 10 milyon, verdiyi kreditlərin cəmi isə 8 mln.-dur. Yaxud əksinə, borcu 8 mln., verdiyi kreditləri isə 10 milyondur. Hər iki halda fərq var və bu fərq bankın məzənnə riskidir. Mərkəzi Bank da bu fərqin maksimal həddini, yəni limitini müəyyən edir.

Mərkəzi Bank sözügedən limitləri “Banklar haqqında” qanunun 34.1 və 34.2.11-ci maddələrinə əsasən müəyyən etməli, banklar da onlara riayət etməlidir. Yəni limitlərin müəyyən edilməsi Mərkəzi Bankın vəzifəsidir.

Mərkəzi Bank hələ 2001-ci ildə “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nı qəbul edib, Ədliyyə Nazirliyi də həmin qaydaları dövlət qeydiyyatına alıb.

Anspress məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən qeyri-iş günü olduğu üçün hər hansı bir məlumatın verilməyəcəyi, növbəti iş həftəsində bununla bağlı açıqlama veriləcəyi bildirilib.


Teqlər:





Xəbər lenti