Elman Rüstəmov: “Əgər dolları qaldırmasaydıq...”
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Baş bankirin sözlərinə görə, belə bir həssas məqamda bankların bağlanması ilə bağlı qərar bazara mənfi təsir edə bilərdi: “Bəzən bankların batacağı ilə bağlı fikirlər səsləndirilir. Bu fikirlər populist, məsuliyyətsiz fikirlərdir. Əslində bu fikri səsləndirənlər özləri problem yaradırlar. Bank sistemində problem yoxdur. Banklarda kifayət qədər kapitallaşma gedib. Biz sabitləşdirici tədbirlər görmüşük və bu siyasəti davam etdirəcəyik”.
Mərkəzi Bankın sədri bildirib ki, 2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin iki dəfədən çox ucuzlaşması yeni bir fenomendir. AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.
E. Rüstəmov deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: “Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.
Anar Kəlbiyev
AzVision.az