Avropa Şurasından Ermənistana xəbərdarlıq

Avropa Şurasından Ermənistana xəbərdarlıq
  18 Mart 2015    Oxunub:1949
Martın 17-də Avropa Şurasının Parisdəki ofisində AŞPA monitorinq komitəsinin iclası keçirilib.
Komitə üzvləri gündəliyə çıxarılan Monako, Makedoniya və Monteneqro ilə müsbət dialoq, alt komitənin “dondurulmuş münaqişələr”, Gürcüstanda və Ukraynada vəziyyətlə bağlı məsələləri müzakirə edib, Azərbaycan üzrə həmməruzəçilərin ölkəmizə səfərinə dair hazırladıqları ilkin hesabat barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasla bağlı AZƏRTAC-a müsahibəsində deyib: Komitədə bir neçə məsələ ilə yanaşı, bu yaxınlarda Azərbaycana səfər etmiş həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin ölkəmizlə bağlı ilkin hesabatı və Azərbaycana birbaşa aid olan “dondurulmuş münaqişələr” məsələsi geniş müzakirə olundu. Həmməruzəçilər Azərbaycanda keçirdikləri görüşlər və mövcud vəziyyət barədə məlumat verdilər. Bildirdilər ki, hazırda Azərbaycanda işlər əsas iki istiqamət üzrə aparılır - birincisi, beynəlxalq təşkilatlarla əlaqələrin yüksək səviyyədə həyata keçirilməsi, ikincisi Bakıda təşkil ediləcək ilk Avropa Oyunları ərəfəsində böyük quruculuq işlərinin görülməsi.

Mən çıxışımda hər iki məsələyə münasibətimi bildirdim. Qeyd etdim ki, AŞPA-nın yeni təyin olunmuş məruzəçisi polşalı deputat Tadeuş İvinski ilə işləməyə hazırıq və artıq demək olar bu iş başlayıb. Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə konstruktiv şəkildə əməkdaşlıq etməkdədir.

Həmçinin diqqətə çatdırdım ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizdə böyük quruculuq, yenidənqurma işləri görülür. Bütün bunlar Azərbaycanın imicini və ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq istiqamətində növbəti mühüm addımdır.

“Dondurulmuş münaqişələr”lə bağlı fikir mübadiləsi aparılarkən komitə üzvləri qeyd etdilər ki, bu münaqişələr çox təhlükəlidir. Ona görə də bununla bağlı növbəti yığıncaqlarda fikir mübadiləsinin davam etdirilməsi məqsədəuyğundur.

Nümayəndə heyətinin rəhbəri kimi məsələ ilə bağlı qeyd etdim ki, Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini işğal edən digər üzv ölkənin Şurada, monitorinq komitəsində mövcudluğu qanunauyğun deyil. Ona görə də Avropa Şurası, təşkilatın monitorinq və digər komitələri münaqişələrlə bağlı məsələnin ümumiyyətlə gündəmdən çıxarılmasını istəyirlərsə, əvvəlcə Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi istiqamətində ciddi addım atmalı, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır. Bunlara əməl olunmadığı təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Təbii ki, bu müzakirələr yalnız fikir mübadiləsidir. Bildiyiniz kimi, AŞPA-nın siyasi komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin olunub. Bununla əlaqədar monitorinq komitəsində də fikir mübadiləsi aparmışıq, aparırıq və yenə də aparacağıq. Bir sözlə, Azərbaycan həqiqətlərini avropalı deputatlara çatdırmağa davam edəcəyik.



Teqlər:





Xəbər lenti