İsrail baş naziri müsəlmanlardan üzr istədi

İsrail baş naziri müsəlmanlardan üzr istədi
  24 Mart 2015    Oxunub:2910
İsrailin baş naziri Binyamin Netanyahu ölkə ərazisində yaşayan ərəblərdən üzr istəyib.

AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Netanyahu “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi video müraciətində bildirib.

“Mən bilirəm ki, bir neçə gün əvvəl etdiyim çıxış İsrail ərəblərini təhqir edib. Mən bunu istəmirdim və bu çıxışa görə heyfsilənirəm”. –deyə Netanyahu bildirib. O, həmçinin əlavə edib ki, özünü dini baxışları, milliyyəti və cinsindən asılı olmayaraq bütün İsrail əhalinin baş naziri hesab edir.

“Birləşmiş Ərəb Siyahısı” siyasi qrupunun lideri Ayman Odeh “Channel 10”-a müsahibəsində İsrail baş nazirinin üzrünü qəbul etməkdən imtina etdiyini bildirib: “Mən onun öz sözlərini hərəkətləri ilə təsdiqləyəcəyini görmək istəyirəm. Görək, Netanyahu bərabərliyi təbliğ edəcəkmi?”.

Qeyd edək ki, ötən həftə İsraildə keçirilən parlament seçkilərində hakim “Likud” partiyası qalib gəlib. Nəticələrə əsasən baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetdə 120 yerdən 30-nu qazanıb.

Seçkilərdə ikinci Tsipi Livni və İtxak Herçoqun rəhbərlik etdiyi “Sionist düşərgəsi” bloku olub. O, parlamentdə 24 yer tutub. Daha sonra siyahıda isə 14 yerlə “Birləşmiş Ərəb Siyahısı” gəlir.

Artıq baş nazir Netanyahu “möhtəşəm qələbə” münasibəti ilə tərəfdarlarını təbrik edərək yeni hökumətin yaradılması üzrə danışıqlara başladığını bildirib.

Eldar Tanıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti