Pan Gi Mundan Novruz təbriki

Pan Gi Mundan Novruz təbriki
  25 Mart 2015    Oxunub:1605
BMT-nin Baş katibi Pan Gi Mun Novruz bayramını qeyd edənləri harmoniyanın və gələcəyə ümidin rəmzi olan bu bayram münasibətilə təbrik edib.
Baş katib hamını Novruzun ruhunu bütün il boyu qoruyub saxlamağa çağırıb.

P.G.Mun bildirib ki, Novruz mədəni müxtəlifliyin, dialoqun və qarşılıqlı ehtiramın əhəmiyyətini xatırladan bayramdır. Onun sözlərinə görə, cəmiyyətdə münaqişələrin və təfriqənin yarandığı bir vaxtda həmrəylik və birliyin rəmzi olan bu bayrama ehtiyac duyulur.

BMT-nin başçısı adından qurumun mətbuat katibinin açıqladığı bəyanatda deyilir ki, BMT-nin sabit inkişafın yeni hədəflərini formalaşdırdığı və iqlimə dair qlobal saziş imzalamaq niyyətində olduğu bir vaxtda Novruz xüsusi əhəmiyyət kəsb edir. Axı, bu bayram təbiətlə harmoniyanın və sülh arzusunda olan insanların birliyinin rəmzidir.

Pan Gi Mun xatırladır ki, baharın və yeni ilin müjdəçisi olan Novruz dünyanın hər yerində, xüsusən Qərbi, Mərkəzi və Cənubi Asiyadan tutmuş Qafqaz və Balkan ölkələrinə qədər geniş ərazidə qeyd edilir. Bayram ənənələrinin və mərasimlərinin zənginliyi sayəsində Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

BMT-nin başçısı deyib: “Mən hamıya bu bayramı sülh və firavanlıq şəraitində qeyd etməyi arzulayıram. Qoy Novruzun ruhu bütün il boyu bizimlə olsun”.


Teqlər:





Xəbər lenti