Böyük Britaniyada parlament buraxıldı

Böyük Britaniyada parlament buraxıldı
  31 Mart 2015    Oxunub:1706
Martın 30-da Böyük Britaniyada seçki kampaniyasına rəsmən start verilib. Bukingem sarayında keçirilən mərasimdə Britaniya kraliçası II Yelizaveta hazırkı parlamentin səlahiyyətinin başa çatdığını elan edib.
TASS informasiya agentliyi xəbər verir ki, bundan qabaqkı bir çox hallardan fərqli olaraq parlamentin budəfəki buraxılışı formal xarakter daşıyır. Belə ki, qanunverici orqan ona ayrılan beş illik fəaliyyət müddətini artıq bitirib. Yeni qaydalara əsasən parlament öz fəaliyyətini seçkilərə 25 iş günü qalanadək dayandırmalıdır.

Əslində seçki kampaniyası artıq bir neçə aydır ki, davam edir. Bu gündən etibarən finiş xəttinə çıxan kampaniya artıq partiyaların öz tərəfinə daha çox elektorat cəlb etmək cəhdləri ilə yalnız sürət yığacaq.

Seçki məntəqələri bütün ölkədə mayın 7-də açılacaq. Buna baxmayaraq partiyalar arasında mübarizə artıq indidən qızışıb. Mühafizəkarlar partiyasının lideri Devid Kemeron Downing Street küçəsində yerləşən rəsmi iqamətgahının pilləkənlərində kral bəyannaməsini oxuduqdan sonra leyboristləri vergiləri kəskin şəkildə qaldırmaq niyyətində ittiham edib.

Leyboristlərin lideri Ed Milibend də öz növbəsində martın 30-da biznesmenlər qarşısında çıxış edərək mühafizəkarların hakimiyyətə gələcəyi təqdirdə ölkəni gözləyən təhlükə və bu halda Krallığın Avropa İttifaqını tərk etməsi ilə bağlı qaçılmaz referendumun keçiriləcəyi barədə xəbərdarlıq edib. Belə ki, 2017-ci ildə belə bir plebisitin keçirilməsi Devid Kemeronun seçkiqabağı əsas vədlərindən biridir.

Hazırda isə sorğulardan birinin nəticəsinə əsasən, Birləşmiş Krallığın hər iki əsas siyasi partiyasının reytinqi təxminən bərabərdir. Digər bir rəy sorğusuna görə isə üstünlük leyboristlərin tərəfindədir.


Teqlər:





Xəbər lenti