Serial bazarı, yoxsa bazar serialları? - ARAŞDIRMA

Serial bazarı, yoxsa bazar serialları? - ARAŞDIRMA
  22 May 2013    Oxunub:4210
Seriallarımızda nə çatışmır və onları necə daha yaxşı etmək olar?
Son illər ölkəmizdə serial çəkilişlərində müəyyən addımlar atılır. Azərbaycan hökumətinin milli teleserialların çəkilməsi üçün xeyli miqdarda maddi vəasit ayırması bu işdə keyfiyyətə və uğura yol açmalı idi. Ancaq hələ də kanalı çevirib əcnəbi seriallara üstünlük verilirsə, deməli, serialların əsas obyekti olan tamaşaçı milli seriallarımızdan razı deyil. Elə Milli Televiziya və Radio Şurasının da bu barədə qənaəti ürəkaçan deyil.

Düzdür, birdən-birə Azərbaycan telekanallarında yüksək səviyyəli seriallar axtarmaq bir az sadəlövhlük olardı. Ancaq ən azından milli kinosunda özgə həyatlarını, olmayan dəbdəbəni, bizdən hələ çox uzaqda olan həyat tərzini, belə desək, fantastik ssenarini görmək tamaşaçını uzaqlaşdırır. Bir sözlə, Azərbaycan vətəndaşı öz serialımızda özünü, yaxınını, ətrafını görə bilmir.

Bu, sadəcə bir və bizim gördüyümüz çatışmazlıqdır. Seriallarımızda uğursuzluğa yol açan digər amilləri və ümumilkdə serial sahəsində nə dərəcədə səviyyəli və keyfiyyətli iş ortaya çıxardığımızı mütəxəssislərin özlərindən eşidəcəyik.

Seriallarımızda çatışmayan cəhətlər hansılardır?



Teletənqidçi, professor Qulu Məhərrəmlinin sözlərinə görə, pis olan odur ki, serial çəkilişləri sistemsiz, xüsusi hazırlıq olmadan gerçəkləşdirilir: “Azərbaycanda çəkilən bütün serialların uğursuz olduğunu demək insafsızlıq olardı. Bizdə çəkilən serialların çox uğurlu hissələri də olur”.

Q. Məhərrəmli bütövlükdə serial çəkilişilərində çatışmayan cəhətləri belə qruplaşdırır:

1.Aktual mövzular yoxdur;
2.Parlaq ssenarilər yoxdur;
3.Yaxşı aktyor oyunu yoxdur – yəni baxdığım seriallarda bir teatrallıq var, aktyor oyunu hiss olumur, sünilik var;
4.Seriallarımızın dili, dialoqlar çox bəsitdir, mənfi emosiya yaradır;
5.Rejissor işi arzuolunan dərəcədə deyil.


Normal veriliş hazırlaya bilməyən televiziya necə serial çəkə bilər?

Müsahibimiz deyir ki, bu gün bizdə əsas məqam odur ki, serial bazarı ilə kim məşğul olmalıdır? Televiziyalar, kinostudiyalar, yoxsa prodakşn studiyalar? Onun mövqeyinə görə isə, Azərbaycanda özünü təsdiq etmiş bir neçə prodakşnlar var ki, müqavilə bağlayaraq serial çəkişini onlara həvalə etmək olar:
- Bizim televiziyalar normal veriliş hazırlaya bilmirlər, tamaşaçıların çoxu narazıdır. Normal veriliş hazırlaya bilməyən televiziya necə serial çəkə bilər? Ümumiyyətlə, serial çəkilişi ayrıca bir sahədir. Bu, daha çox filim, kino bazasında formalaşmalıdır. Kinostudiyanı bu proseslərdən kənarda saxlamaq olmaz. Orda bizim tanınmış ssenaristlər, rejissorlar, yaxşı dialoq ustaları var var. Onları cəlb eləmək lazımdır. Ancaq konseptual olaraq bu işin televiziyalara həvalə olunması, pul ayrılması yanlışdır. Nə qədər ki, gec deyil, bu yanlışlığı düzəltmək lazımdır.

Tamaşaçını bizim seriallardan uzaqlaşdıran nədir?

Teletənqidçi müqayisə apararaq tamaşaçıların niyə türk seriallarına üstünlük verməsinə də aydınlıq gətirdi: “Türk seriallarının sevilməsinə səbəb aktual mövzulara toxunulmasıdır. İnsan psixologiyası çox önəmlidir. Cəmiyyətin həyatında baş verən olaylar həyatına, düşüncəsinə, psixologiyasına təsir edir. İnsanlar seriallarda real həyat cizgilərini görmürlərsə, onda maraq da göstərmirlər. Süni, qurama hadisələr görəndə kanalı çevirirlər. Həddindən artıq ideallaşdırılmış həyat tərzi, davranışlar istər-istəməz tamaşaçını seriallardan uzaqlaşdırır”.

“Əgər o məqamların üzərində dayanılsaydı, ortaya serial çıxa bilərdi”

Həmsöhbətimizi tamaşaçı kimi də cəlb edən və düşündürən serial olmayıb: “İTV-nin çəkdiyi seriallara baxırdım, ancaq açığı, o bəsitlik imkan vermədi ki, sona qədər baxım. Ancaq serialla bağlı elə ciddi məqamlar gördüm ki, onların üzərində dayanılsaydı, uğurlu serial ortya çıxa bilərdi. Məsələn, AzTv və İTV-nin xüsusi film studiyaları var ki, onlarda bu serialları reallaşdırmaq olar. Ancaq hələ ki, heç bir irəliləyiş yoxdur. Ayrılan maliyyə vəsaitinin sərf edilməsində də ciddi problem var, o pullar hara, necə xərclənir? Bax bunu araşdırmağa dəyər...”

Rejissor və ssenarist Aydın Dadaşovla birgə serial tarixini dünya ölkələrinin praktikası əsasında müqayisəli şəkildə araşdırmaqla onun mədəniyyət strategiyasına təsirinə nəzər saldıq.



“Fantomas”dan “Möhtəşəm yüz yıl”a qədər...

Rejissor bildirir ki, kökü nağıllardan, dastanlardan, mifologiyadan gələn serial formatı kinonun yaranışından bir neçə il sonra üzə çıxıb. Ötən əsrin əvəllərində ərsəyə gələn “Fantomas” serialını xatırlamaq kifayətdir: “Hətta Maks Linder, Çarliz Çaplin, personajlarının da filmdən-filmə keçidləri əslində serial yaradırdı. Reklam bazarı ilə ekran sənətinin birləşməsi isə Erik Fon Ştroheymin “Tamahkarlıq” filmində tam təzahürünü tapıb”.

Daha sonra ötən əsrin 30-cu illərindən yaranan Alman total televiziyası da seriallara geniş meydan verdi. Beləliklə, müasir dövrdə ciddi kabel televiziyaları belə silsilə seriallara malikdirlər: “Bu sahədə lider ölkə sayılan ABŞ-da 70 ildən artıq bir dövrdə fasiləsiz olaraq hazırlanıb efirə gedən seriallar mövcuddur. “Ulduz müharibəsi” mövzulu serialın çəkilişi müvafiq tələbələrə cavab verən bahalı pavilyonda həyata keçirilir. Dini dəyərlərə dair seriallar hazırlayan qonşu İranda da islam tarixinin mühitini əks etdirən kompleks dekor sistemi mövcuddur. Belarusiyada isə İkinci Dünya müharibəsinin atributlarını naturada yaşadan çəkiliş meydançası mövcuddur”.

Planlı təsərüffat sistemini qoruyan Çin Xalq Respublikası da seriallar sahəsində lider ölkələrdəndir. Aydın Dadaşovun sözlərinə görə, burada hər bir nazirlik fəaliyyətləri ilə bağlı mövzuların seriallaşdırılmasına pul məsrəflərini ictimai mədəni tədbirlərin maliyyələşdirməsi fondundan yönəldə bilir. Hindistanda isə səhiyyə, təhsil istiqamətinə yönələn seriallarda ənənəyə uyğun olaraq əyləncə elementlərindən geniş istifadə olunur. Demokratik dəyərləri gündəmdə saxlayan sosial siyasi maarifləndirmə mövzusunda seriallara meydan verən İngiltərədə artıq təhsilin ekran komunikasiyasına qoşulması prosesini ixrac edir”.

Həmsöhbətimiz qeyd edir ki, serialların xarici informasiya bazarına çıxarılmasının ölkənin imicini artırması Türkiyənin “Möhtəşəm yüz yıl” filmində təsdiqlənir: “Bu serialın Balkan ölkələrinə siraətini qərb mətbuatı “türklərin yeni işğalı” adlandırıb. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın sultanların həyatının orta statistik audutoriyanın tələbinə uygun olaraq qayınana, baldız, gəlin ziddiyyəti kontekstinə düşürdülməsinə dözümsüzlük göstərərək filmin prodüsserini məhkəməyə verməsi ölkəsində sərbəst bazarın formalaşmasının, TV-hakimiyyət əlaqələrinin üfüqiliyinin təsdiqidir”.

Serial - aktyorların əlavə gəlir mənbəyi...

Onun fikrincə, prezidentimizin sərəncamı ilə seriallara maddi təminat ayrılması və bu işin mühitdə müsbət imic qazanan Televiziya və Radio Şurasına həvalə olunması məmnunluq doğurur: “İnformasiya bazarında oturuşması vacib sayılan seriallar ən azı müxtəlif səbəblərdən diqqətdən kənarda qalan sənətkarlar, aktyorlar üçün əlavə gəlir mənbəyinə çevrilməklə işsizlik probleminə qismən təsir göstərir. Ötən əsrin 33-45-ci illərində ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt büddcənin ehtiyyat fondunu strateji, o cümlədən, mənəvi məqsədlərə yönəltməklə cinayətkarlığa yol açan işsizlik problemini aradan qaldırmışdı. Sabitliyin bərqərar olduğu ölkəmizdə də işsizliyin aradan qaldırılmasına fasiləsiz cəhdlər fonunda asudə vaxtın intensivliyinin təminatı dövlət əhəmiyyətli məsələdir. Şübhəsiz ki, yaşlıların dəva-dərman, qadınların istehlak, parfümeriya, kişilərin avtomaşın, uşaqların qida məhsulları, oyuncaq reklamına maraq göstərən auditoriyanı yaratması adekvat mövzuların gündəmə gəlməsini müvafiq proqram siyasətinin yürüdülməsini tələb edir. Bu istiqamət televiziya sənayesinin sağlam biznes faktoru üzərində qurulması ilə vergi ödəyicisinə çevrilməsinə yol açacaqdır”.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti