`Azərbaycan rəhbərliyi ilə aramı vurmaq istəyirdilər`

`Azərbaycan rəhbərliyi ilə aramı vurmaq istəyirdilər`
  03 Aprel 2015    Oxunub:3071
Rusiya Federasiyası Dövlət dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası işləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutski “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində martın 31-də Azərbaycan səfirliyində Azərbaycan jurnalistləri üçün mətbuat konfransının keçirilməsinə kömək göstərdiyinə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya minnətdarlığını bildirib.

RF Dövlət dumasının deputatı yazır: “Təəssüf ki, görüşün keçirilməsinin səbəbi ürəkaçan deyildi. Dövlət dumasının MDB işləri komitəsinin Ermənistana səfəri zamanı (martın28-29-da) oradakı bir sıra KİV-lərdə mənim adımdan Azərbaycan əleyhinə ifadələr işlədilib. Hətta guya mən Ermənistan barəsində Bakının və üstəlik, Ankaranın “azğın siyasət” yeritdiyini demişəm. Bütün bunların bəzi natəmiz siyasətbazların fantaziyasının bəhrəsi olduğunu demək, məncə, artıqdır. Bu uydurmalar media məkanına müəyyən məqsədlə - mənim Azərbaycan rəhbərliyi ilə aramı vurmaq və bundan başqa, Moskva ilə Bakının münasibətlərinin o qədər də rəvan olmadığını göstərmək məqsədilə buraxılıb”.

L.Slutskinin qeyd etdiyi kimi, “fitnəkarlıq baş tutmayıb”. Deputat deyib: “Bir çox Azərbaycan siyasətçiləri ilə məni bütün sınaqlardan çıxmış çoxillik dostluq əlaqələri birləşdirir. Odur ki, heç bir provokasiya, üstəlik belə fərsiz provokasiya Rusiya və Azərbaycan arasında konstruktiv dialoqu davam etdirməyimizə mane ola bilməz”.

O həmçinin vəziyyətə obyektiv və ölçülüb-biçilmiş qiymət verdiklərinə görə Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirərək deyib: “Səfirlikdə toplaşmış Azərbaycan jurnalistlərinə xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Dünən mən dərc etdirdiyiniz materialları çox diqqətlə öyrənərək bir daha əmin oldum ki, siz vəziyyətə obyektiv və ölçülüb-biçilmiş qiymət verirsiniz”.

Qeyd edək ki, erməni mediası Leonid Slutskinin Yerevanda keçirdiyi mətbuat konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirdiyini qeyd edib, onun "sitatlarını" təqdim edib. (Azərtac)


Teqlər:  





Xəbər lenti