56 nəfərin öldüyü qəzada sağ qalan azərbaycanlı - VİDEO

56 nəfərin öldüyü qəzada sağ qalan azərbaycanlı - VİDEO
  08 Aprel 2015    Oxunub:1853
“Heç bir xilasedici yox idi. Batan gəmimizin yaxınlığında olan digər balıqçı gəmiləri bizə köməyə gəldi" .
Bunu APA TV-nin Rusiya bürosuna açıqlamasında aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı balıqçı gəmisində olan azərbaycanlı mexanik, hazırda Saxalin xəstəxanasında yatan İmaməddin Sadıqov deyib.

O bildirib ki, “Uzaq Şərq” gəmisi 40 dəqiqə ərzində tam batıb: “Gəmi birdən batmağa başladı. Mən hidrokostyum geyinmişdim. Hidrokostyum hamıya çatmadı. Çünki gəmidə lazım olandan çox adam vardı. Biz su çəninin üstündə idik. Sürüşəndə “tros”dan yapışdım, sonra əlimi buraxdım, arxası üstə suya getdim”...

Sadıqovun sözlərinə görə, gəmi kapitanı ona görə SOS siqnalı verməyib ki, heyət üzvləri vəziyyəti yoluna qoyacaqlarına inanırdılar: “Lakin bunun öhdəsindən gələ bilmədilər. Gəmi tam batdı. Yaxınlıqdakı balıqçılar köməyə gəldilər. Mayılağa Talıbov özünü suya atanda möhkəm əzilmişdi, qolundan yaralanmışdı. Sonra onu görmədim. İndi öyrəndim ki, yaralı vəziyyətdə gətiriblər xəstəxanaya, vəziyyəti ağırdır. Fazil Şəkərovun meyitini gətirdilər, məndən onun kim olduğunu soruşdular və adını-soyadını yazdılar. Muradəli Məhərrəmovun meyitini isə konteynerdə digər cəsədlərlə birlikdə saxlamışdılar”.

Qeyd edək ki, Oxot dənizində "Uzaq Şərq" adlı balıqçı gəmisinin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü - İmaməddin Sadıqov, Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları xilas edilib. Digər üç nəfər - Məhəmməd Səfərov, Muradəli Məhərrəmov və Fazil Şəkərov isə ölüb. Onların meyitləri bu gün Saxalinə aparılıb. Ailələri baxış keçirdikdən sonra cənazələr dəfn olunmaq üçün Azərbaycana göndəriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti