Fuad Poladov: “Heç kimdən hədiyyə gözləmirəm”

Fuad Poladov: “Heç kimdən hədiyyə gözləmirəm”
  24 May 2013    Oxunub:2316
Bu gün xalq artisti Fuad Poladovun 65 yaşı tamam olur. AzVision.az bu münasibətlə aktyoru təbrik edib və kiçik müsahibə alıb.
- Ad gününüzü necə qeyd edəcəksiniz ?Hansısa bir planınız varmı?
- Yox, ad günümü iş başında keçirəcəyəm. Bu gün axşam Milli Dram Teatrında, sabah isə Rus Dram Teatrında tamaşam olcaq. Yəni iş başındayam, həm də məşqlərim var.

- İlk təbriki kim etdi, sizə nə hədiyyə etdilər?
- İlk təbrik edən şübhəsiz ki, ailə üzvlərim, qızım oldu. Düzünü desəm, heç kimdən heç bir hədiyyə gözləmirəm, hamıya elə diqqətlərinə, zənglərinə görə təşəkkür edirəm.

- 65 yaşınız tamam olur, amma sizə bu yaşı vermək olmaz. Bu qədər cavan qalmağın sirri nədədir?
- (Gülür ) Sirri odur ki, sizin kimi tamaşaçılarım var, mən sizə təşəkkür edirəm.

- Deyirlər, kişinin yaşı var-dövlətidir...
- Yox, yaş yaşdır da, hər yaşın qədrini bilmək lazımdır. Əgər Allah-təala məni bu qədər yaşa çatdırıbsa, ona şükür etmək lazımdır. Hələ ki, ayaq üstəsən, işləyirsən, sevdiyin işlə məşğul olursansa, bunun özü də böyük xöşbəxtlikdir.

- 65 yaşın kürəyini yerə vurmaq Fuad Poladov üçün çətin olmadı ki?
- Yox, o qədər də çətin olmadı, dediyiniz kimi heç bilmədim ki, 65 yaş haçan gəldi.

- Ən çox hansı yaş dövrü üçün darıxırsınız?
- Mən olub-keçənlər üçün heç vaxt darıxmıram. Çalışıram ki, bu gün və gələcək ilə yaşayım. Olub-keçənlər olub keçib artıq.

- Bu gün aynaya baxanda dəyişiklik hiss etdinizmi? Özünüzə nə dediniz?
- Həmişəki kimi, yuxudan durdum və ayanaya baxıb xüsusi dəyişiklik hiss etmədim. İndi də də mənə gələn təbrikləri qəbul edirəm, hamıya da təşəkkür edirəm.

- Adətən sərt rollarda oyanayan Fuad Poladov oynadığı rollardan, personalardan hansını daha çox özünə yaxın his edir?
- Heç birini özümə yaxın hiss etmirəm. Sadəcə uğurlu alınmasına səbəb odur ki, bütün rollarımı sevirəm və həmişə də sevə -sevə oynayıram. Mənim yeganə sirrim bundadır.

- Daha hansı rolda çəkilmək arzusundasınız?
- Allah qoysa, 65 yaşımı Ağa Məhəmməd Şah Qacar rolu ilə qeyd edəcəyəm, inşallah, iyun ayında onun premyerası olacaq.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti