“Əliyevlər ailəsi ilə dostluq edirəm” - Dmitri Roqozin

“Əliyevlər ailəsi ilə dostluq edirəm” - Dmitri Roqozin
  11 Aprel 2015    Oxunub:3220
Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin Birinci Avropa Oyunlarının Moskvada keçirilmiş təqdimat mərasimində azərtac-ın müxbirinə müsahibəsində deyib: “Hazırda Rusiya ilə Azərbaycanın münasibətləri yüksəliş dövrü keçirir. Bu, Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalar rejiminin qüvvədə olduğu indiki vaxtda xüsusilə əhəmiyyətlidir”.

Rusiya Federasiyası baş nazirinin müavini ölkələrimiz arasında münasibətlərin yüksəliş mərhələsində olduğunu vurğulayaraq deyib: “Azərbaycan rəhbərliyi ilə bizim çox yaxşı əlaqələrimiz var. Hazırda, ölkəmizə qarşı sanksiya rejimi tətbiq edilən vaxtdan azərbaycanlı istehsalçılar Rusiyanın meyvə-tərəvəz məhsulları ilə təchizatı məsələsində bizə fəal kömək edirlər. Deyə bilərəm ki, sənaye sahəsində də çox yaxşı əlaqələrimiz var. Hazırda Rusiyada istehsal edilmiş helikopterlər üçün Azərbaycanda servis mərkəzi yaradılması məsələsinə baxılır. Şelf mövzusu üzrə də çox işləyirik. Xəzər regionunun inkişaf etdirilməsi naminə gəmiqayırmada kooperasiya ideyaları var. Ümumiyyətlə deyə bilərəm ki, ölkələrimiz arasında etimad, qarşılıqlı anlaşma var, beynəlxalq siyasətin çoxsaylı məsələləri barədə mövqelərimiz üst-üstə düşür.

Azərbaycanın özünü etibarlı, ciddi müttəfiq kimi göstərdiyini vurğulayan Dmitri Roqozin sonda deyib: “Bütün bunlara görə mən Azərbaycanla çox məmnunluqla əlaqə saxlayıram, sosial-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Komissiyasının Rusiya tərəfindən həmsədriyəm. Mən özüm gözəl, görkəmli Əliyevlər ailəsi ilə çoxdan dostluq edirəm və əlbəttə, bu gün burada olmaya bilməzdim”.

RF hökuməti sədrinin müavini vurğulayıb ki, o, Rusiyada bir neçə idman federasiyasının şuralarına rəhbərlik edir. D.Roqozin deyib: “Mən həndbol, atıcılıq və sambo ilə məşğul olmuşam. Bakıda keçiriləcək Avropa Oyunlarında idmanın bu növləri üzrə bizim idmançılara azarkeşlik edəcəyəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti