Turizm Peşə Məktəbinin direktoru vəfat edib
Babayev Faiq Ələskər oğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, texnoloq, mühəndis ixtisası üzrə həmin ali təhsil ocağını bitirib.
Faiq Babayev əmək fəaliyyətinə 1968-ci ildən ali təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1976-77-ci illərdə 2 saylı Texniki Peşə Məktəbində komsomol katibi, 1977-81-ci illərdə Bakı Şəhər Komsomol Komitəsində Pioner və gənclər şöbəsində və Nərimanov Rayon Kommunist Partiyasında təlimatçı kimi çalışıb.
O, 1981-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis işləyib. 1993-2000-ci illərdə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. Həmin ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru vəzifələrində çalışıb.
2012-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin tədris istehsalat işləri üzrə direktor müavini, 2013-cü ildən isə həmin tədris ocağının direktoru vəzifəsində işləyirdi.
Ailəli idi, 3 övladı vardı.
AzVision.az