`Qarabağa görə təəssüf hissi keçirirəm` - İranlı nazir

`Qarabağa görə təəssüf hissi keçirirəm` - İranlı nazir
  17 Aprel 2015    Oxunub:3938
Bu gün Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İranın Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, Ziyafət Əsgərov Azərbaycanla İran arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb, iki ölkənin bir-birinə milli-mənəvi dəyərlər, ortaq mədəniyyət və tarixi ənənələr baxımından sıx bağlı olduğunu vurğulayıb.

Vitse-spiker iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov onu da bildirib ki, artıq 20 ildən çoxdur torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılır. Ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Münaqişənin həlli istiqamətində BMT-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymayan Ermənistan beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər edir.

Milli Məclis Sədrinin birinci müavini dünya ictimaiyyəti tərəfindən bu münaqişənin ədalətli həlli üçün kifayət qədər səy göstərilmədiyini təəssüf hissi ilə bəyan edib. O, İslam Konfransı Təşkilatına üzv ölkələrin bu məsələnin həllində daha fəal olmasının vacibliyinə toxunub, İranın Şura Məclisində Xocalı soyqırımı aktına münasibət bildiriləcəyinə ümid etdiyini deyib.
Qonaqpərvərlik üçün təşəkkürünü bildirən Əli Rəbii öz çıxışında Azərbaycanla İran arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq duyduğunu vurğulayıb. O, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və bu məsələdə maraqlı olduqlarını diqqətə çatdırıb. Qarşılıqlı əlaqələrin və parlamentlərarası münasibətlərin önəmindən danışan iranlı nazir ölkəsinin qardaş Azərbaycan xalqını hər zaman dəstəklədiyini və ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmadığından təəssüf hissi keçirdiyini bildirən Əli Rəbii bu münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aradan qaldırılacağına ümudvar olduğunu deyib. Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin iştirak edib. Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunulub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti