SOCAR prezidenti OPEC rəsmisi ilə görüşdü

SOCAR prezidenti OPEC rəsmisi ilə görüşdü
  22 Aprel 2015    Oxunub:1396
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevin Əlcəzair Energetika Nazirliyinin Baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
AzVision.az ARDNŞ-ə istinadla verdiyi məlumata görə, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev nümayəndə heyətinin üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə etmiş, səfərin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini bildirib.

SOCAR prezidenti Azərbaycanın dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini, neft hasilatı, emalı və nəqli sahəsində bir sıra yeniliklərin ilk dəfə məhz ölkəmizdə tətbiq olunduğunu qonaqların diqqətinə çatdırıb.

R.Abdullayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr, o cümlədən Cənub Qaz dəhlizi və digər qaz layihələri haqqında onlara ətraflı məlumat verib.

Bu layihələrdə əsas rol oynayan Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətlərindən danışılıb. Qısa müddətdə şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sisteminin yaradıldığını və bu sistemin böyük imkanlara malik olduğunu vurğulayan Rövnəq Abdullayev Azərbaycanın bütün neft-qaz ölkələri ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Əlcəzair nümayəndə heyətinin başçısı Əhməd Messili ölkəsində “Sonatrach” neft-qaz şirkətinin də SOCAR kimi dövlət şirkəti olduğunu söyləyib. O bildirib ki, Bakıya səfərlərində məqsəd iki ölkənin dövlət neft şirkətləri arasında münasibətlərin yaradılması və dərinləşdirilməsindən ibarətdir.

O, Əlcəzairin 50 ilə yaxındır Avropa bazarlarına enerji daşıyıcıları ixrac etdiyini bildirmiş, ölkənin neft-qaz sektoru, “Sonatrach” şirkətinin fəaliyyəti haqqında məlumat verib. Azərbaycanın enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını deyən qonaq əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

SOCAR prezidenti öz növbəsində qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada xarici şirkətlərin investisiyalarının qorunmasına tam təminat verilir. Rövnəq Abdullayev SOCAR-ın əməkdaşlığa açıq şirkət olduğunu, xarici şirkətlərlə əməkdaşlıq sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb. O bildirib ki, Əlcəzair şirkətləri ilə əməkdşalıq üçün geniş perspektivlər vardır. O, qarşılıqlı imkanların öyrənilməli və təhlil edilməli, əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməli olduğunu qeyd edib.

Bugünkü görüşü gələcəyə böyük addım kimi dəyərləndirən qonaq müasir bir şəhər olan Bakının sürətlə inkişaf etməsindən Azərbaycana dost ölkə kimi qürur duyduqlarını söyləyib, qarşıdakı Avropa oyunlarının keçirilməsində respublikamıza uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti