“Ərdoğanla birlikdə baş əymək istəyirəm” - Sarkisyan

“Ərdoğanla birlikdə baş əymək istəyirəm” - Sarkisyan
  24 Aprel 2015    Oxunub:3312
Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin “Hürriyət” qəzetinə müsahibə verib.

AzVision.az xəbər verir ki, qondarma “erməni soyqırımı”nın 100-cü il dönümündən danışan Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə uydurma “soyqırım” abidəsi qarşısında baş əymək istədiklərini vurğulayıb.

“İstəyimiz budur ki, Türkiyə prezidenti ilə birlikdə “soyqırım” qurbanlarını yad edək və növbəti soyqırımların qarşısını almaq üçün səylərimizi birgə davam etdirək. 24 apreldə Ermənistanda təşkil olunacaq anım mərasiminə türkiyəli həmkarımın dəvət olunmağı da bununla bağlıdır”.

Jurnalistin “əgər “soyqırım” Türkiyə tərəfindən tanınsa, bu aqressiv tanıtma kampaniyası yenə davam edəcəkmi?” sualına Sarkisyan belə cavab verib:

“Əvvəla bu kampaniyanı aqressiv kimi qiymətləndirmək olmaz. Əgər “soyqırım” qəbul olunarsa, onda qarşılıqlı razılığın növbəti mərhələsinə keçiləcək”.

Serj Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalından danışaraq bildirib ki, əgər sərhəd açılsa, çox şey dəyişəcək:

“Əvvəla sərhədlərin açılması etibarlı mühit yaradacaq. Bundan başqa sərhədlərin açılması Türkiyənin şərq bölgəsinin iqtisadi inkişafına böyük təsiri olacaq. Bu, həm də vətəndaşlar arasında ünsiyyəti canlandıracaq”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti