Bakıda evlərin qiyməti manatla artıb, dollarla isə enib

Bakıda evlərin qiyməti manatla artıb, dollarla isə enib
  25 Aprel 2015    Oxunub:2830
Bu ilin mart ayı ərzində Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod mayak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 16,38% azalıb - 1374 dollar/кv.m-dən 1149 dollar/кv.m-ə qədər, milli valyutada isə ay ərzində 11,94% artıb - 1078 manat/кv.m-dən 1206 manat/кv.m bəndində qərarlaşıb.
Bu barədə “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda bildirilir.

İki valyutada qeyd edilən məbləğlər arasındakı tərs mütənasibliyə fevral ayında ölkədə baş verən devalvasiya səbəb olub.

Bazar portfelində ümumi təkliflərin sayı isə 512 ədəd təşkil edib. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillərlə, qiyməti 1 000-1 600 dollar/kv.m qiymət aralığında olan orta mənzillərin payına düşüb. Hər iki qiymət diapazonunda olan mənzillər ayrı-ayrılıqda bazarda 43% paya malikdir və qeydə alınan orta bazar qiyməti müvafiq olaraq 795 dollar/kv.m və 1 220 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 14%-ni isə qiyməti 1 600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir və buradakı orta qiymət 2 080 dollar/kv.m-dir.

“MBA Ltd.”-nin monitorinq qrupunun ötən ay apardığı araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan “pod mayak” 1, 2, 3 və çox otaqlı mənzillərin hər birinin dollarla qiymətləri məlum olan səbəblərdən ciddi şəkildə azalıb: "Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod mayak” mənzillərin sayında artım əsasən Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Buna da əsas səbəb kimi, tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Satışa təklif olunan yeni tikilən mənzillərin sayında azalma isə daha çox Sabunçu və Səbail rayonlarında qeydə alınıb. Müşahidə olunan azalmanı isə bu rayonlarda satışa çıxarılan mənzillərin digər rayonlara nisbətən daha tez satılması ilə izah etmək olar".

Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb.

Hesabatda deyilir ki, ilkin yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil Nəsimi rayonunda (2 otaqlı təmirsiz mənzil) qeydə alınıb. “28 May” mtero stansiyası yaxınlığında yerləşən 84 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin 1 kv. metrinin satışa təklif olunan qiyməti 4 500 dollar təşkil edib. Ən ucuz mənzil isə Əhmədli qəsəbəsində yerləşən 115 kv.m-lik sahəyə malik yeni tikilidə 2 otaqlı mənzil (520 dollar/kv.m) olub.

Məlumatda deyilir ki, yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhərinin rayonları üzrə manatla оrtа qiymət artımı (65%) ən çox Sabunçu rayonunda müşahidə edilib. ABŞ dolları ilə isə qiymət azalması ən çox Suraxanı (-22%) və Abşeron rayonunda (-21%) qeydə alınıb (report.az).


Teqlər:





Xəbər lenti