İsrail Fələstini tanımağa hazırdır

 İsrail Fələstini tanımağa hazırdır
  27 May 2013    Oxunub:1493
«Yaxın vaxtlarda Fələstin-İsrail arasında fikir ayrılıqlarına son qoyularaq sülhə nail olunacaq»
AzVision.az qərb mətbuatına istinadən xəbər verir ki, Fələstin muxtariyyatinin rəhbəri Mahmud Abbas İsrail prezidenti Şimon Peres və ABŞ-ın dövlət katibi Con Kerri İordaniyada keçirilən "Dünya İqtisadi Forumu - Yaxın Şərq və Şimali Afrika Zirvəsi" çərçivəsində bir araya gəlib. Görüş zamanı tərəflər İsrial və Fələstin arasında danışıqların bərpa olunmasının vacibliyini vurğulayıb.

Şimon Peres, ilk dəfə olaraq, ölkəsinin Fələstini tanımağa hazır olduğunu bəyan edib.

"İsrail və Fələstin arasında artıq sülhün və barışığın bərqərar olmasının vaxtı çatıb" deyən dövlət başçısı bölgədə yaşayan iki millətin öz dövlətlərinə sahib olmasının zəruriliyini bildirib.

Peres qeyd edib ki, hər iki xalq münaqişələrdən, terrordan və qarşıdurmalardan cana doyub. Bu baxımdan Rəmallahla danışıqlar masası ətrafında oturaraq, problemləri birlikdə həll etmək daha məqbul variantdır.

Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbas isə deyib ki, Fələstin ərazilərinin işğalına son qoyulması, fəlsətinli məhkumların azad edilməsi, sığınacaqlara yerləşdirilən sakinlərin köçürülməsi və aparteid divarlarının sökülməsi hər iki ölkəyə sülh və əmin-amanlıq gətirəcək.

Dövlət başçıları “iki xalq üçün iki dövlət” prinsipinə əsaslanan danışıqların aparıldığını qeyd edib. Siyasətçilərin fikrincə, məsələyə bu cür yanaşma iki ölkə arasındakı sülh prosesini canlandıra bilər.

Bu arada, ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonun Fələstin iqtisadiyyatına 4 milyard dollar sərmayə yatırmağı planlaşdırıldığını bildirib. Onun fikrincə, bu məbləğ Fələstin iqtisadiyyatının 50 % dirçəlməsini təmin edəcək. Lakin bu nəticənin əldə olunması üçün 3 il vaxt lazımdır. Kerri deyib ki, bu cür yatırımların hesabına ölkədə işsizlik səviyyəsi aşağı düşəcək və orta əmək haqqı 40 % qalxacaq. Lakin dövlət katibi bütün uğurların Fələstin-İsrail münasibətlərinin inkişafından da asılı olduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti