Piyada keçidləri ilə bağlı yeni qayda

Piyada keçidləri ilə bağlı yeni qayda
  28 Aprel 2015    Oxunub:1561
Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən icaslında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilib. Dəyişiklik barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanuna 9-1-ci maddə əlavə edilib. “Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi” adlanan əlavəyə əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsində qeyd olunur ki, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissəsində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.

Maddənin 3-cü hissəsində göstərilib ki, avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər yuxarıda göstərilənlər nəzərə alınmaqla, digər avtomobil yollarında – nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda tikilməlidir.

Avtomobil yollarında yerüstü və yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti