`Əlillər avtobusa necə minsinlər?`

`Əlillər avtobusa necə minsinlər?`
  28 Aprel 2015    Oxunub:1695
“Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsində fiziki imkanları məhdud olan insanların sərbəst hərəkətinin təmin olunması üçün xüsusi bəndlər var. Lakin nəinki köhnə binalarda, heç yeni inşa olunan tikililərdə də bu qaydalara riayət edilmir”.
Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi zamanı deputat Aytən Mustafayeva deyib. Onun sözlərinə görə, yeni binaların, yaşayış massivlərinin salınması zamanı bir çox qaydalar kobudcasına pozulur:

“Əvvəllər qayda var idi ki, bir binanın kölgəsi digərinin qarşısını, ora düşən gün işığını bağlaya bilməzdi. İndi heç kim bu qaydalara riayət etmir”.

Deputat qeyd edib ki, binaların arasında həyətlərin salınması da vacibdir: “Həyətlər salınsa da, orada idman meydançaları yoxdur. Amma Tiflisdə hər bir yeni salınan həyətdə, futbol meydançaları var. Baxmayaraq ki, orada 5-7 mərtəbəli binalar tikilir. Əgər gələcək nəsillərin sağlam böyüməsini istəyiriksə, buna imkan yaratmalıyıq”.

Milli Məclisin üzvü yeni salınan küçələrdə səkilərin fiziki imkanları məhdud olan şəxslərin istifadəsi üçün mümkünsüz olduğunu bildirib.

“Adi uşaq arabası ilə ana yeraltı keçiddən keçə bilmir. Pandusların tikilməsi o demək deyil ki, fiziki imkanları məhdud olan insanlar ondan istifadə edə bilir. Mailliyi 45 dərəcəlik pandusdan sağlam adam düşsə, şikəst olar, yazıq əlil necə düşsün oradan? Avtobusa necə minsinlər? Avropaya gedəndə adama elə gəlir ki, ölkənin yarısı əlildir. Elə deyil, sadəcə onların şəhərdə hərəkətinə imkan verilib. Bizim əlillər qəfəsdədir, onlar nə evdən aşağı düşür, nə də küçədə hərəkət edir. Heç olmasa, təzə tikilən binalar, yeni keçidlər, səkilərdə bu məsələ nəzərə alınsın. Axı heç kim belə hallardan sığortalanmayıb”.



Teqlər:



Xəbər lenti