`Oyunlar zolağı` çəkiləcək yollar - SİYAHI

`Oyunlar zolağı` çəkiləcək yollar - SİYAHI
  28 Aprel 2015    Oxunub:1907
“Oyunlar zolağı”nın işarələnməsi işləri davam edir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri davam edir. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospekti nəqliyyat vasitələrinin hərəkəti üçün 20 Yanvar” dairəsindən “Böyükşor” yol qovşağınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq. İşlərin səhər saatlarına qədər davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edilir və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini “Atletlər” və “Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti -“20 Yanvar” dairəsi - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) - Bakı Dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa Ziya Bünyadov prospekti - Atatürk prospekti - Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti - Atatürk prospekti - Vaqif küçəsi - Hənifə Ələsgərov - Cəlil Məmmədquluzadə küçələri - Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.
Ümumiyyətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.


Teqlər:





Xəbər lenti