`Hələ də ciddi problemlər var` - Səlim Müslümov

`Hələ də ciddi problemlər var` - Səlim Müslümov
  29 Aprel 2015    Oxunub:1596
Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayının azalması müşahidə olunur.
Bu barədə jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səsləndirib.

`Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-mart aylarında Azərbaycan ərazisində istehsalatda bir dəfə də olsun qrup şəklində bədbəxt hadisə qeydə almayıb, halbuki 2014-cü ilin oxşar dövründə 10 belə bədbəxt hadisə baş verib. Bu ilin birinci rübündə istehsalatda 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da keçən ilin analoji dövründəkindən 40 faiz azdır. Özü də ötən ilin oxşar dövrü ilə müqayisədə istehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı iki dəfə azalaraq, 8 nəfər təşkil edib. Bundan əlavə, göstərilən dövrdə bədbəxt hadisə nəticəsində zərərçəkənlərin də sayı 49 faiz azalaraq, 25 nəfər təşkil edib`.

S.Müslümov müəssisələrdə əməyin mühafizəsi normalarının tələblərinə riayət edilməsi məqsədi ilə nazirliyin əməkdaşlarının keçirdiyi reydlərə toxunaraq deyib: `Ötən il istehsalatda bədbəxt hadisələrin ən çoxu inşaat sahəsində qeydə alınıb ki, bu da həmin sektorda hələ də əməyin təhlükəsizliyi ilə bağlı problemlərin qaldığını göstərir. Məsələn, istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlərin 26 faizi, həlak olanların 31,1 faizi tikinti sahəsinə aid olub. Tikinti müəssisələrində yoxlamalar nəticəsində müəyyən olunub ki, bir çox hallarda işçilərin zəruri təhlükəsizliyi təmin olunmur, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilmir. İşçilərin xüsusi geyim və fərdi müdafiə vasitələri ilə təmin olunması ilə bağlı hələ də ciddi problemlər var. Ötən il keçirilən yoxlamalar nəticəsində 12 tikinti şirkətində və 4 daş karxanasında işlər dayandırılıb`.

Nazir əməkdaşlarının sayı 50-dən çox olan şirkətlərdə əməyin mühafizəsi üzrə xüsusi şöbələrin yaradılmasının zəruri olduğunu qeyd edərək deyib.

`Şirkətlərin çoxu belə şöbələr yaratmır. Ancaq İnzibati Xətalar Məcəlləsi üçün nəzərdə tutulan dəyişikliklərə müvafiq olaraq, belə şirkətlərə cərimələr tətbiq ediləcək. İlk əvvəl cərimənin məbləğini 1000-2000 manat səviyyəsində müəyyən etmək planlaşdırılır`.


Teqlər:  





Xəbər lenti