Bakıda kirayə evlər ucuzlaşıb

Bakıda kirayə evlər ucuzlaşıb
  29 Aprel 2015    Oxunub:1995
Bu ilin mart ayı Bakı şəhərinin kirayə mənzil bazarında aktivlik səviyyəsinin nisbətən aşağı düşməsi, ümumilikdə isə kirayə mənzil qiymətlərinin enməsi ilə yadda qalıb.
MBA konsaltinq şirkətinin monitorinq qrupunun aylıq hesabatına görə, manat ilə ifadədə qiymət 665 manat/mənzil səviyyəsindən 4% azalaraq 639 manat/mənzil təşkil edib. Baş verən devalvasiya səbəbindən isə ABŞ valyutasında mənzilin orta kirayə haqqı 28% azalaraq 848 dollardan 609 dollara düşüb.

Bazarda əməliyyatların sayı isə 112-dən 5% azalaraq 106 ədəd təşkil edib. Hər 1 kv.m-ə görə isə kirayə haqqı manatla 5% artaraq 8,8 manat/kv.m-dən 9,3 manat/kv.m-ə yüksəlib, dollarda isə 21,53% azalaraq 11.24 dollar/kv.m-dən 8,82 dollar/kv.m-ə düşüb. Kirayə mənzil bazarında mart ayında bazara təklif edilən mənzillərin orta otaq və orta sahə göstəriciləri azaldığı halda, qiymətlərin manatla ifadədə nisbətən qalxması fevral ayında baş verən məzənnə dəyişməsi ilə izah edilir.

Araşdırmaların aparıldığı son ayda tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1 000 manatdan yuxarı olan) payı 7,6%, ucuz evlərin (aylıq kirayə haqqı 500 manata qədər) payı isə fevral ayına nisbətdə 11,8% azalıb. Orta qiymətə olan (500-1000 manat) kirayə evlərinin sayında isə 7,6% artım qeydə alınıb. Ay ərzində, xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub.

Araşdırmaya əsasən, kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub. Tələb portfelinin bir qismini isə qısamüddətli (1-2 ay müddətinə) kirayə müqavilələri bağlayanlar təşkil edib.



Teqlər:





Xəbər lenti